"Mümkün Üçüncü Dünya Müharibəsi daha təhlükəli olacaq" - Bəhruz Məhərrəmov
“İsrail-ABŞ və İran arasında mövcud münaqişə, o cümlədən bu müharibənin əhatə dairəsinin getdikcə genişlənməsi, habelə dünyanın digər coğrafiyalarında müşahidə olunan qarşıdurmalar əslində elə Üçüncü Dünya Müharibəsinin başlandığını göstərməkdədir”.
Bu sözləri Patrul.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov ABŞ-İran-İsrail müharibəsi gələcəkdə Üçüncü Dünya müharibəsinə çevrilə bilmə ehtimalı haqqında öz fikirlərini bölüşərkən deyib.
Deputatın sözlərinə görə, Birinci və İkinci dünya müharibələrindən fərqli olaraq, mümkün Üçüncü Dünya Müharibəsi hibrid xarakteri ilə daha təhlükəli və dağıdıcı hesab olunur:

“Necə ki İkinci Dünya Müharibəsi Birinci Dünya Müharibəsindən əməliyyatların xarakteri və aparılma qaydalarına görə köklü surətdə fərqlənirdi, eləcə də Üçüncü Dünya Müharibəsi əvvəlkilərdən hibrid xarakterinə görə fərqlənir. Bu isə o deməkdir ki, ənənəvi tənzimetmə metodları istər cari münaqişəyə, istər Rusiya-Ukrayna müharibəsinə, istərsə də dünyanın müxtəlif bölgələrində analoji səbəbdən – qütblərarası ziddiyyətdən qaynaqlanan digər qarşıdurmalara tətbiq edilə bilmir. Bu isə o deməkdir ki, İsrail-ABŞ və İran arasında başlanan cari savaş xarakterinə görə əvvəlkilərdən daha təhlükəli və daha dağıdıcı təsirə malik münaqişə kimi qiymətləndirilməlidir”.
Cəmilə Cəfərzadə






