""Niyə belə oldu?" sualından əvvəl, "İndi nə hiss edirsən?" sualını verin" - Psixoloqdan imtahana hazırlaşanların valideynlərinə ÇAĞIRIŞ
Məlumdur ki, hər il ayın ortalarına yaxın təhsil müəssisələrində mərhələli şəkildə imtahanlar keçirilir. Dünən, fevralın 15-də magistratura üzrə imtahan verənlərin nəticələri açıqlanıb. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona üzrə 9 və 15 mart tarixlərində keçiriləcək. Görünür, qarşıda abituriyentləri hələ bir sıra imtahanlar gözləyir. Bu müddət ərzində ali məktəbə qəbul olmayan gənclər də olacaq. Bu zaman valideynlərin övladlarına təzyiq göstərməsi gözlənilməz və mənfi nəticələrə səbəb ola bilər. Bu hal xüsusilə yeniyetməlik dövründə olan gənclərin psixoloji durumuna ciddi təsir göstərir.
Bu çətin mərhələni daha sağlam şəkildə keçmək üçün abituriyentlərə və onların ailələrinə Patrul.az-a açıqlamasında psixoloq Nizami Orucov öz tövsiyələrini bölüşüb.
N.Orucovun sözlərinə görə, belə dövrlərdə valideynlər övladlarının gərgin psixoloji vəziyyətdə olduğunu nəzərə almalı və onlara təzyiq göstərməməlidirlər:
“İlk növbədə qeyd etmək vacibdir ki, imtahandan uğursuz nəticə almaq gəncin dəyərini və potensialını müəyyən etmir. Təəssüf ki, bəzi ailələr nəticəni şəxsiyyətlə eyniləşdirir: “keçmədisə, deməli bacarmadı”. Halbuki imtahan konkret günün performansıdır, insanın ümumi bacarığı yox. Valideynin sərt reaksiyası, müqayisə və ittiham dili yeniyetmədə dəyərsizlik, utanc və özünə inamsızlıq yarada bilər. Bu isə gələcək cəhdlərə motivasiyanı azaldır”.
Psixoloq valideynlərə ən əsas tövsiyəsini də verib:
“Ali məktəbə qəbul olmayan gənclərlə bağlı valideynlərə ən əsas tövsiyəm budur: əvvəlcə emosiyanı deyil, münasibəti qoruyun. “Niyə belə oldu?” sualından əvvəl “Sən indi nə hiss edirsən?” sualını vermək daha sağlıqlıdır. Gənc bilməlidir ki, o, nəticədən asılı olmayaraq qəbul olunur. Təzyiq və hədə-qorxu qısamüddətli təsir göstərsə də, uzunmüddətli psixoloji zərər yaradır”.

Həmsöhbətimiz abituriyentlərə gəldikdə isə, onları gözlənilən hər bir nəticəyə səbrlə yanaşmağa və qarşıdakı hədəflərə fokuslanmağa çağırıb:
“Abituriyentlərə isə demək istərdim ki, imtahan həyatın son nöqtəsi deyil. Bu, bir mərhələdir. Bəzən uğursuzluq insanın istiqamətini dəyişir və daha uyğun yol tapmasına səbəb olur. Əsas olan özünüzü bir nəticəyə bağlamamaqdır. Əgər istədiyiniz nəticəni əldə etməmisinizsə, bu, bacarıqsızlıq yox, ya hazırlıq strategiyasının, ya da psixoloji vəziyyətin təsiridir və düzəldilə bilər”.
Psixoloq son olaraq imtahanlara hazırlaşan gənclərin psixoloji durumlarını toparlamaları üçün yuxu rejiminə diqqət yetirməyə səsləyib:
“Hazırlaşan gənclər üçün isə ən vacib məsələ balansdır. Yuxu rejimini qorumaq, fasiləsiz uzun saatlar deyil, planlı və sistemli oxumaq, sosial müqayisələrdən uzaq durmaq çox önəmlidir. “Hamı hazırdır, mən geri qalmışam” düşüncəsi əlavə stress yaradır. Stressi sıfırlamaq mümkün deyil, amma onu idarə etmək mümkündür.
Ailələrə tövsiyəm budur ki, övladınızı layihə kimi yox, şəxsiyyət kimi görün. Onun güclü tərəflərini xatırladın, alternativ yolları birlikdə müzakirə edin. Bir imtahan nəticəsi nə valideynliyin, nə də övladlığın göstəricisidir. Ən böyük dəstək isə bu cümlədir: “Nəticə necə olursa-olsun, biz sənin yanındayıq”.
Gülbəniz Səfərova






