media-inshot_20250915_171326626

Azərbaycanda kolleclərlə bağlı aparılan islahatlar son illərin təhsil gündəmində ən çox müzakirə olunan mövzulardandır. Ən diqqətçəkən məqamlardan biri isə eyni ixtisas üzrə universitetlərlə kolleclər arasında kəskin bal fərqidir. Məsələn, əczaçılıq ixtisasında Azərbaycan Tibb Universitetinə qəbul olmaq üçün tələbələrin 500-dən yuxarı bal toplaması tələb olunur. Halbuki kolleclərə qəbul üçün cəmi 100 bal kifayət edir.

Bu fərq təhsil sistemində suallar doğurur. Niyə eyni ixtisas üçün belə ziddiyyətli meyarlar mövcuddur? Universitetlərdə yüksək balla qəbul olunan tələbələr uzunmüddətli fundamental biliklər alırsa, kolleclərdə oxuyan gənclərin hazırlıq səviyyəsi hansı standartlara cavab verir?

Təhsil eksperti Məzahir Məmmədli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, Kollec məzunları, daha doğrusu kolleci seçənlər oradan trampolin kimi istifadə etmək məqsədi güdürlər:

“Son vaxtlar kolleclərlə bağlı ciddi islahatlara başlanılıb. Amma mən inanmıram ki, başlanan islahatlar bu ilki durumu xilas edə biləcək. Kollec məzunları, daha doğrusu kolleci seçənlər oradan trampolin kimi istifadə etmək məqsədi güdürlər ki, iki ildən sonra ali təhsil müəssisələrinə imtahansız qəbul keçsinlər. Yəni bu da ümumilikdə reputasiyası açıq olan kolleclər üçün bir qədər də vəziyyəti gərginləşdirib. Nəzərə alsaq ki, artıq ali təhsil müəssisələri də subbakalavrların vəziyyəti ilə bağlı ciddi narahatlıq keçirirlər, növbəti illərdən belə bir təşəbbüs irəli sürülüb ki, subbakalavrlar kütləvi qəbul yolu ilə deyil, birbaşa hər universitetin öz nəzdində fəaliyyət göstərən kolleclərdən seçilərək qəbul olunsunlar. Çünki məlumdur ki, kolleclərin əksəriyyəti ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərir və son vaxtlar onların tədrisinə diqqət artırıldığı üçün hesab edilir ki, bu yanaşma vəziyyətdən çıxış yolu ola bilər”.

M.Məmmədli kollec və universitetlərdə  bəzi eyni ixtisasların ciddi bal fərqi ilə tədris olunmasına da münasibət bildirdi: 

“Qaldı ki, bu gün məsələn, eyni ixtisaslı kadrları yetişdirən kolleclər və universitetlərə, məsələn, Tibb Universitetində əczaçılıq fakültəsi və digər pedaqoji ixtisaslarda da bu hallar var ki, məsələn, 500 üzərində qəbul olunduğu ixtisasa kollec səviyyəli 100 və onun ətrafında olan ballarla qəbullar keçirilir. Hər iki şəxs artıq əmək bazarına girəndə fərq qoyulmur. Tutalım ki, bu aptekdə işləyəcəksə, əczaçılıq ixtisasını bitirmiş Tibb Universiteti məzunu da, kollec məzunu da funksiyanı yerinə yetirəcəklər. Aptekdə dərman satışı həyata keçirəcəklər. Ya da ki, texniki bir mühəndislik oxuyan kompüter mühəndisi, deyək ki, bir kollec məzunu ilə universitet məzunu. Əgər onlar hər ikisi oxuduğu müddətdə biliyini, bacarığını əlavə kurslarla artırıbsa, bu halda ikisi də böyük bir şirkətin kompüter sahəsi və informasiya texnologiyaları sahəsi üzrə bütün hallarda özləri bərabər səviyyəli işlərdə olacaqlar.

Bu gün biz şikayət edirik ki, magistratura təhsili Azərbaycanda çox zəifdir, ümumilikdə 3 minə yaxın boş yer qalıb, onlardan da 1200 dövlət sifarişidir. Bunun özü də göstəricidir ki, artıq əmək bazarında bu gün bizim kollec, subbakalavr, bakalavr, magistr dərəcələri üçün elə bir fərq qoyulmur və bu fərq qoyulmadığı müddətcə də yeni biz bu problemləri yaşayacağıq”.

Görünən odur ki, kolleclərlə bağlı islahatlar hələ tam effektini verməyib və əsas problemlər qalmaqdadır.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər