Sosial şəbəkələrdə artan sertifikatsız psixoloqlar: Peşəkarı qeyri-peşəkardan necə ayıraq? - RƏY
Son illərdə sosial şəbəkələrin və onlayn təlim platformalarının artması ilə “psixoloq” adı altında fəaliyyət göstərənlərin sayı xeyli artıb. İnsanlar qısa kursları bitirib, sertifikatsız olaraq məsləhət verməyə başlayır, bu da bəzən yanlış yanaşmalara və etibarsız tövsiyələrə yol açır.
Bəs, sertifikatsız “psixoloq”ların artmasının səbəbləri nələrdir və bu, cəmiyyət üçün hansı riskləri yaradır?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, psixologiya sadəcə məsləhət verməkdən ibarət deyil, ciddi təhsil, praktik təcrübə və etik qaydalar tələb edən məsuliyyətli sahədir:
“Son illər “”niyə hamı psixoloq olub?” sualının daha çox səslənməsi təsadüfi deyil. Sosial şəbəkələrin yayılması, şəxsi inkişaf mövzusuna marağın artması və insanların psixoloji dəstəyə ehtiyacının çoxalması bu sahəni həm populyar, həm də “asan görünən” bir peşəyə çevirib. Nəticədə qısa kurs keçib, sertifikat alıb özünü mütəxəssis kimi təqdim edənlərin sayı artıb.
Psixologiya kənardan baxanda söhbət etmək və məsləhət vermək kimi görünə bilər. Halbuki bu, illərlə akademik təhsil, praktik təcrübə, superviziya və etik qaydalara ciddi əməl tələb edən sahədir. İnsan psixikası ilə işləmək məsuliyyətli prosesdir; yanlış yönləndirmə travmanı dərinləşdirə, asılılıq yarada və ya real klinik problemi gözdən qaçıra bilər”.

N.Orucov insanların psixoloq seçimində diqqət yetirməli olduqları məqamı da açıqladı:
“Sertifikatsız və ya qısa kurs bitirən “mütəxəssislərin” artmasının bir səbəbi də cəmiyyətin psixoloji xidmətlə bağlı maarif səviyyəsinin hələ tam formalaşmamasıdır. İnsanlar diplom, ixtisas və peşəkar etik kodeks kimi meyarlara yox, daha çox sosial mediada görünənlik və təsirə diqqət edirlər. Halbuki psixoloq seçərkən ali təhsil, ixtisaslaşma sahəsi, praktik təcrübə və etik çərçivə əsas kriteriya olmalıdır. Burada başqa bir məqam da var: psixoloji mövzuların populyarlaşması müsbət haldır, çünki insanlar artıq ruh sağlamlığını daha açıq müzakirə edirlər. Amma bu sahənin kommersiyalaşması və qeyri-peşəkar müdaxilələr risklidir. Psixologiya motivasiya çıxışı və ya ümumi həyat məsləhəti vermək deyil; bu, elmi əsaslı və məsuliyyətli bir peşədir”.
Cəmilə Cəfərzadə






