media-inshot_20250908_122103439

“Yüksək bal toplayan tələbələr niyə ölkədə qalmır?” sualı son illərdə təhsil və cəmiyyət daxilində ən çox müzakirə olunan mövzullardan biridir. Ali məktəblərə ən yüksək nəticələrlə qəbul olunan gənclərin bir hissəsi təhsillərini başa vurduqdan sonra ölkədə iş imkanlarını məhdud görərək xaricdə təhsil almağa və ya karyera qurmağa üstünlük verirlər. Onların böyük əksəriyyəti isə geri dönməkdə maraqlı olmur. Bu vəziyyət həm “beyin axını” problemi, həm də ölkə üçün strateji insan kapitalının itirilməsi kimi qiymətləndirilir.

Maraqlıdır ki, gənclərin ölkədən getməsinə səbəb yalnız daha yüksək maaş və yaxşı şəraitdir, yoxsa onların inkişaf və ədalətli qiymətləndirilmə gözləntilərinin tam ödənilməməsidir?

Təhsil eksperti Kamran Əsədov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, yüksək bal toplayan tələbələrin xaricdə təhsilə üstünlük verməsi sadəcə fərdi seçim deyil, həm də təhsil sisteminin struktur probleminin göstəricisidir:

“Yüksək bal toplayan abituriyentlərin əhəmiyyətli hissəsinin ölkə xaricində təhsilə üstünlük verməsi sadəcə fərdi seçim deyil, həm də təhsil sisteminin struktur problemlərinin və üstünlüklərinin bir göstəricisidir. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsi hər kəsin təhsil almaq hüququnu təsbit edir, “Təhsil haqqında” Qanunun 5-ci maddəsi isə dövlətin keyfiyyətli, əlçatan və nəticəyönümlü təhsil təmin etmək vəzifəsini önə çəkir. Ancaq əldə olunan real nəticələr göstərir ki, yüksək nailiyyət göstərən tələbələrin motivasiyası daha çox beynəlxalq təhsil mühitinə yönəlir. Burada əsas səbəblərdən biri yerli universitetlərin reytinqlərdə zəif mövqeyi, əmək bazarı ilə universitetlər arasındakı əlaqələrin yetərincə güclü olmaması və sosial təminat mexanizmlərinin məhdudluğudur.

Statistikaya nəzər saldıqda son qəbul illərində yüksək bal toplayanların əhəmiyyətli hissəsinin Türkiyə, Rusiya, Avropa və ABŞ universitetlərinə yönəldiyi görünür. Məsələn, 2024-cü ildə 650 baldan yuxarı nəticə göstərən 2000-dən çox abituriyentin təqribən 30 faizi təhsilini xaricdə davam etdirmək qərarı verib. Halbuki ölkə daxilində ali məktəblərin plan yerlərinin böyük hissəsi dolmur, xüsusilə texniki ixtisaslarda boş qalan yerlərin sayı artır. Bu paradoks göstərir ki, yüksək bal yalnız universitetə qəbul üçün deyil, həm də daha keyfiyyətli təhsil axtarışı üçün bir vasitəyə çevrilib”.

K. Əsədov bu məsələnin mənfi və müsbət tərəflərini də vurğulayıb:

“Mənfi tərəf ondan ibarətdir ki, yerli universitetlərdə kurikulum hələ də nəzəriyyəyə üstünlük verir, praktik təcrübə və elmi tədqiqat mühitinin zəifliyi tələbələrin gələcəkdə qlobal əmək bazarında rəqabətə hazır olmalarını çətinləşdirir. Akademik imkanların məhdudluğu və beynəlxalq indekslərdə geridə qalmaq yüksək bal toplayan gənclərin motivasiyasını azaldır. Eyni zamanda, əmək bazarında maaşların aşağı olması, karyera yüksəlişi imkanlarının məhdudluğu və şəffaflıq problemləri onları ölkədən kənarda özlərini reallaşdırmağa sövq edir.

Müsbət tərəf isə ondan ibarətdir ki, dövlət bu prosesin fərqindədir və ardıcıl siyasətlə dəyişikliklər etməyə çalışır. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı, eləcə də xaricdə oxuyan tələbələrin ölkəyə geri dönüşünü təşviq edən mexanizmlər mühüm addımdır. Bundan əlavə, Qarabağ Universitetinin yaradılması, Türkiyə–Azərbaycan Universitetinin açılması, SABAH qruplarının genişlənməsi və rəqəmsal bacarıqlar layihəsinin universitet mərhələsinə qədər davam etdirilməsi yüksək bal toplayan gənclərin ölkədə qalmasını təşviq etmək üçün müsbət nümunələrdir. Bu, həm də “Təhsil haqqında” Qanunun nəticəyönümlülük prinsipinin əməli təsdiqi kimi dəyərləndirilə bilər. Nazirliyin bu istiqamətdəki fəaliyyətini təriflə qeyd etmək vacibdir, çünki onlar problemi gizlətmək yox, həll yolları üzərində işləmək xəttini seçiblər”.

K. Əsədov qeyd edir ki, Azərbaycanın təhsil sistemində olan boşluqlar dünya təcrübəsi ilə müqayisədə daha aydın görünür. Onun fikrincə, yüksək bal toplayan tələbələrin ölkədə qalması üçün üç əsas mexanizm işləməlidir:

“Dünya təcrübəsi ilə müqayisə apardıqda görürük ki, yüksək bal toplayan tələbələrin ölkədə qalması üçün üç əsas mexanizm işləməlidir. Birincisi, universitetlər beynəlxalq səviyyədə rəqabət aparacaq kurikulum və elmi potensial təqdim etməlidirlər. Almaniya və Cənubi Koreya nümunələri göstərir ki, güclü elmi laboratoriyalar, professorlarla birbaşa əməkdaşlıq və startap mühitinə inteqrasiya tələbələri ölkədə saxlamağın əsas yollarıdır. İkincisi, sosial təminat və təqaüd sistemləri genişləndirilməlidir. Finlandiya və Hollandiya yüksək bal toplayan tələbələr üçün dövlət tərəfindən maliyyələşən xüsusi təqaüd proqramları təqdim edir, nəticədə gənclərin ölkəni tərk etmə ehtimalı azalır. Üçüncüsü, universitetdən sonrakı iş imkanları əlverişli olmalıdır. İsrail və Sinqapur nümunələri göstərir ki, təhsil alan tələbə məzun olduqdan sonra dərhal innovasiya ekosisteminə qoşula bilirsə, ölkədən kənara çıxmaqda maraqlı olmur.

Azərbaycan üçün də bu istiqamətdə dəyişikliklər qaçılmazdır. “Nə dəyişəcək?” sualına cavab aydındır: yeni universitetlərin açılması, təhsil proqramlarının beynəlxalq akkreditasiyadan keçməsi, xarici professorların dəvəti və ikili diplom proqramlarının genişlənməsi ilə yüksək bal toplayan tələbələrin ölkədə qalması üçün daha əlverişli mühit yaradılacaq. “Nə dəyişməlidir?” sualına cavab isə nəticələrə fokuslanmaqdır. Universitetlərin qlobal reytinqlərdə mövqeyi yüksəlməli, tədris keyfiyyət göstəriciləri beynəlxalq standartlarla müqayisə oluna bilməli, əmək bazarı ilə universitetlər arasında əlaqə gücləndirilməlidir.

Ümumilikdə, problemin kökündə təhsil sisteminin hələ də qlobal rəqabətə tam hazır olmaması dayanır. Amma Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi ardıcıl siyasət və yeni layihələr bu istiqamətdə dönüş yaratmaq potensialına malikdir. Nazirliyin müsbət işi ondan ibarətdir ki, onlar bu prosesi yalnız təhsil məsələsi kimi deyil, həm də milli inkişaf, beyin axınının qarşısını almaq və ölkənin intellektual kapitalını qorumaq məsələsi kimi görürlər. Bu yanaşma gələcəkdə yüksək bal toplayan tələbələrin ölkədə qalmasını təmin edəcək əsas strategiyanın təməlini qoyur”.

Nəticə etibarilə, yüksək bal toplayan tələbələrin ölkədən getməsi təkcə fərdi seçim deyil, həm də təhsil və əmək bazarındakı problemlərin göstəricisidir. Əgər keyfiyyətli təhsil və ədalətli iş şəraiti təmin olunsa, gənclərimizin gələcəyi üçün başqa ölkələrə üz tutmasına ehtiyac qalmayacaq. Bu isə Azərbaycanın intellektual kapitalını qorumağın əsas yolu olacaq.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər