"O çox inadkardı, mən inadkarları sevmirəm, amma onu bəyənirəm" - Tramp Ərdoğan barədə
“Mənim Ərdoğana böyük hörmətim var”.
Patrulaz.az TRT Haber-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən Ərdoğanla görüşdə deyib.
Tramp Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin də Ərdoğana böyük hörmət bəslədiyini vurğulayıb. O bildirib ki, hər kəs Türkiyə Prezidentinə hörmət edir, Ərdoğan da onlara hörmətlə yanaşır:
“Hər kəs Ərdoğana hörmət edir”.
Tramp əlavə edərək Ərdoğanın güclü və inadkar olduğunu bildirib:
“O güclü adamdı, və çox inadkardı, adətən mən inadkarları sevmirəm, amma onu bəyənirəm, o güclüdür”.
ABŞ lideri həmçinin Suriya ilə irəliləyən münasibətlərə, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərə də toxunub. O Suriyaya tətbiq edilən sanksiyaların Ərdoğanın təşəbbüsü ilə ləğv olunduğunu söyləyib:
“Bu, Türkiyənin qələbəsi idi. Mən Ərdoğanın istəyi ilə sanksiyaları qaldırdım”, – deyə Tramp bildirib.
Tramp həmçinin Türkiyə Prezidentinin Rusiya–Ukrayna müharibəsindəki mövqeyinə də toxunub:
“Ərdoğan istəsə, Ukraynadakı müharibənin gedişatına böyük təsir göstərə bilər, lakin o, neytral qalmağa üstünlük verir”, – deyə Tramp vurğulayıb.
Daha sonra ABŞ lideri qeyd edib ki, artıq Rusiya üçün Ukraynada münaqişəyə son qoymağın vaxtı çatıb.
Gülbəniz Səfərova






