media-inshot_20260120_001717069

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il ötür.

Patrul.az-ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət olunub. Fövqəladə vəziyyət elan olunana qədər hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri isə ölümcül yaralayıb. Fövqəladə vəziyyətin tətbiqindən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə isə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarda 131 nəfər həyatını itirib, 744 nəfər yaralanıb. Həlak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları olub.

Qoşunların qanunsuz yeridilməsi həmçinin dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatlar zamanı paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb. Yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı ilin yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqı ilə həmrəylik nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və mətinliyini göstərib. Sovet ordusunun amansızlığına baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində təxminən 2 milyon insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi barədə qərar qəbul edilib. Lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın bir çox rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.

1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 Yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər və vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqamətində küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu səbəbdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də, Bakı vaxtı ilə saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

 


Bənzər xəbərlər