Obraz xatirinə hicab taxmaq günahdır? - DİNİ İZAH
Dini elementlərin ekran işlərində bədii vasitə kimi istifadəsi bir tərəfdən sənət azadlığı kimi dəyərləndirilsə də, digər tərəfdən inancın mahiyyəti və səmimiyyəti baxımından suallar doğurur. Mövzu həm dini, həm də etik aspektdən diqqət çəkir.
Kino və seriallarda obraz xatirinə namaz qılıb, hicab bağlamaq dində necə qarşılanır?
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Patrul.az-a fikirlərini bölüşüb.
O bildirib ki, filmlərdə oyunçuların müxtəlif rollara, obrazlara girməsi günah deyil:

“Həzrət Muhəmməd Peyğəmbər haqqında məşhur “Çağrı” filmində rol alan aktorlar və aktrisaların demək olar ki, əksəriyyəti qeyri – müsəlmandır. Orada namaz da qılınır, Kəbənin timsalı da yaradılıb, Peyğəmbərdən savayı səhabələrin obrazı da canlandırılıb. Bu filmin dini qaydalara uyğun olması və yayılması haqqında Liviya, Misir və İraqın o dövrdəki böyük İslam üləması fətva vermişdir”.
“Ümumiyyətlə həyatda hicab getməyən şəxsin filmdə hicab taxması, namaz qılmayan adamın namaz qılması yaxud özünü namaz qılan kimi göstərməsi obraz yaratmaq xatirinə olduğu üçün günah deyil. Obraz yaradarkən təbiilik əsas şərtdir. Aktyor və aktrisalar mümkün qədər təqdim etdiyi simanı olduğu kimi canlandırmalıdır. Odur ki, filmdə rol oynayarkən əxlaq normalarına riayət edildiyi, dinin mahiyyətinə təhrif və xələl gətirilmədiyi təqdirdə dini atributlardan, rituallardan, geyimlərdən, ibadət və ayinlərdən də istifadə oluna bilər”,– deyə o əlavə edib.
Ləman Sərraf






