"Ölkədə gənclər arasında işsizlik iqtisadi amillərlə bağlı olsa da..." - Rəsmiyyə Abdullayeva
Son illərdə gənclər arasında işsizlik mövzusu cəmiyyətin ən çox müzakirə olunan problemlərindən birinə çevrilib. Əmək bazarındakı dəyişikliklər, vakansiyaların tələbləri və gənclərin iş seçimlərinə yanaşması bu məsələnin daha da aktuallaşmasına səbəb olur. Rəsmi statistika və gündəlik müşahidələr göstərir ki, ali təhsilli gənclər arasında belə iş tapmaqda çətinlik çəkənlərin sayı az deyil.
Bəs gənclər arasında işsizliyin əsas səbəbi iqtisadi amillərdir, yoxsa yüksək maaş gözləntiləri və düşüncə tərzi bu prosesdə rol oynayır?
Bu barədə AR Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, gənclər arasında işsizlik əsasən məhdud iş imkanları və mövcud əmək bazarının gənclərin ixtisas və gözləntilərinə tam uyğun gəlməməsi ilə əlaqədardır:

“Ölkəmizdə gənclər arasında işsizlik problemi bir sıra amillərlə bağlıdır. Bu problem əsasən iqtisadi amillərlə bağlı olsa da, yüksək maaş gözləntiləri və düşüncə tərzi də prosesə müəyyən dərəcədə təsir göstərir. İqtisadi amillərə yeni iş yerlərinin məhdudluğu, xüsusilə regionlarda əmək bazarı ilə təhsil sistemi arasında uyğunsuzluq (ali təhsil almış gənclərin ixtisasına uyğun iş tapa bilməməsi), qeyri-neft sektorunun kifayət qədər inkişaf etməməsi, təcrübə tələbləri (işəgötürənlərin gənclərdən iş təcrübəsi tələb etməsi, lakin bu təcrübəni qazanmaq üçün imkanların az olması), ilkin mərhələdə aşağı əməkhaqları, sosial təminatın zəifliyi və s. daxildir. Bu amillər nəticəsində bir çox gənc işləmək istəsə belə, real və davamlı məşğulluq imkanları ilə qarşılaşmır”.
Professorun sözlərinə görə, gənclərin məşğulluq imkanlarının artırılması üçün iqtisadiyyatın inkişafı və peşə yönümlü islahatlar əsas şərtdir:
“Gənclərin məşğulluq imkanlarının artırılması üçün ölkədə əmək bazarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, peşə və texniki təhsilin gücləndirilməsi və s. islahatlar həyata keçirilməlidir”.
Cəmilə Cəfərzadə






