"Onlar bir nəfərə partlayıcı qurğu yerləşdirib, həm onu, həm də nəzərdə tutulan hədəfi uzaqdan partlatdılar" - Putin həmin hadisədən danışdı
“Onlar kiməsə partlayıcı qurğu yerləşdiriblər, sonra həm onu, həm də nəzərdə tutulan hədəfi – bu halda Daxili İşlər Nazirliyinin əməkdaşlarını uzaqdan partladıblar”.
Patrul.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Moskvada yol polisi avtomobilinin partladılması hadisəsi ilə bağlı danışarkən deyib.
O FSB-nin idarə heyətinin iclasındakı çıxışında hadisəyə aydınlıq gətirərək bildirib ki, partlayış onlayn işə cəlb edilən şəxsin üzərinə yerləşdirilən qurğunun uzaqdan işə salınması nəticəsində baş verib.
“Çox güman ki, o, bu barədə heç nə bilmirdi. Bu, cinayətkarcasına ehtiyatsız davranışın nəticəsidir”, – deyə Rusiya Prezidenti bildirib.
Putin həmçinin son illərdə ölkədə bu kimi terror hadisələrinin artdığını vurğulayıb. Onun sözlərinə görə, bu hadisələrin əksəriyyətinə Ukraynanın əli var. Putin bunu Ukraynanın müharibədə Rusiyanı məğlub edə bilməməsi və nəticədə bu kimi üsullara əl atması ilə əlaqələndirib:
“Ukrayna Rusiyaya strateji məğlubiyyət verə bilmir, ona görə də fərdi və kütləvi terrorizmə güvənir. Rusiyanı məğlub etmək istəyir, hər hansı bir yol axtarır, özlərini uçurumun kənarına itələyəcəklər və sonra peşman olacaqlar”, – deyə o, xəbərdarlıq edib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində 34 yaşlı baş polis leytenantı Denis Bratuşçenko həlak olub. Daha iki yol polisi əməkdaşı isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

Müşahidə kameralarının görüntülərinə əsasən, partlayışı törədən şəxs hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, ölkədə bu kimi hadisələrin qarşısının alınması məqsədilə Putinin göstərişi ilə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisə anından fotoları təqdim edirik:

Gülbəniz Səfərova






