Onlar İranın öz qonşusuna zərbələr endirməsinə SƏSSİZ QALMADILAR
Xəbər verdiyimiz kimi, İran Naxçıvan Muxtar Respublikasının ərazisinə dron vasitəsilə bir neçə zərbə endirib. Qonşu ölkə tərəfindən həyata keçirilən bu hücum beynəlxalq arenada bir sıra ölkələr tərəfindən qətiyyətlə pislənib.
Patrul.az xəbər verir ki, Türkiyə, Böyük Britaniya, İsrail, Ukrayna, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan ölkələri, eləcə də Avropa İttifaqı İranın Naxçıvana qarşı hücumunu qətiyyətlə pisləyən tərəflər arasında yer alıb.
Türkiyə hadisəyə ən sərt reaksiya verən ölkələrdən biri olub. Türkiyə Xarici İşlər Nazirliyi hücumu qətiyyətlə pisləyərək üçüncü ölkələrin hədəf alınmasının bölgədə müharibənin yayılması riskini artırdığını bildirib. Rəsmi Ankara eyni zamanda Azərbaycanın yanında olduğunu açıq şəkildə bildirib və regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıb.
Böyük Britaniya da baş verən hadisəyə münasibət bildirən ölkələr sırasında olub. Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld hücumu tamamilə “qəbuledilməz” adlandıraraq Londonun Azərbaycanın təhlükəsizliyini hədəf alan istənilən addımı pislədiyini qeyd edib.
İsrail tərəfi isə hadisəyə daha qətiyyətli ifadələrlə reaksiya verib. İsrail Xarici İşlər Nazirliyinin müavini Sharren Haskel bildirib ki, bu hücum İran rəhbərliyinin real niyyətlərini ortaya qoyur və Tehran beynəlxalq təzyiq görmədiyi halda bu cür addımları davam etdirə bilər.
Ukraynanın Azərbaycandakı səfirliyi də hadisə ilə bağlı bəyanat yayaraq İran istehsalı pilotsuz uçuş aparatlarını “terror” aləti kimi xarakterizə edib və Azərbaycanla həmrəy olduqlarını açıqlayıb.
Yaxın Şərq ölkələri də bu hücuma səssiz qalmayıb. Belə ki, Qətər Xarici İşlər Nazirliyi bu hadisəni “təhlükəli eskalasiya” adlandıraraq dövlətlərin suverenliyinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb. Səudiyyə Ərəbistanı isə İranın bu addımının beynəlxalq hüquqa zidd olduğunu və belə hərəkətlərin heç bir halda əsaslandırıla bilməyəcəyini bildirib.
Orta Asiya regionundan da hadisəyə reaksiya gəlib. Özbəkistanın Xarici İşlər Naziri Baxtiyor Saidov Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla telefon danışığı zamanı baş verən hücumu müzakirə edib. Bu təmas region ölkələrinin baş verənləri diqqətlə izlədiyini göstərir.
Avropa İttifaqı isə hadisə ilə bağlı narahatlığını ifadə edərək tərəfləri təmkinli olmağa və beynəlxalq hüquq normalarına riayət etməyə çağırıb.
Bu reaksiyalar göstərir ki, baş verən hadisə yalnız regional deyil, həm də beynəlxalq səviyyədə ciddi narahatlıq doğurur. Regionda onsuz da həssas olan təhlükəsizlik vəziyyəti fonunda belə hadisələrin baş verməsi Cənubi Qafqazda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirir.






