Öz ölkəsində ana dilinə yadlaşan uşaqlar... - Kimdir günahkar?
Ölkəmizdə zaman keçdikcə bəzi valideynlər “müasirlik” adı altında azyaşlı övladlarına ilk növbədə doğma ana dilində danışmağı öyrətmək əvəzinə, onları xarici dillərə yönəldirlər. Nəticədə şəxsiyyət vəsiqəsində “azərbaycanlı” yazılan uşaqların bəziləri ana dilində belə sərbəst danışa bilmir. Hətta bəzi valideynlər övladlarını erkən yaşlardan xarici dildə olan cizgi filmlərinə yönləndirir. Bu isə onların ana dilindən uzaqlaşmasına səbəb olur.
Ümumiyyətlə bir neçə dil bilmək insanın inkişafı üçün vacibdir. Lakin hər şeydən əvvəl əsas olan öz doğma dilində səlis danışmaq bacarığıdır.
Bu məsələ ilə bağlı Patrul.az-a fikirlərini bölüşən psixoloq Nizami Orucov bildirib ki, uşaqları düzgün istiqamətləndirmək üçün valideynlər ilk növbədə onların ana dilini mənimsəməsinə üstünlük verməlidir:
“Uşağın erkən yaşda hansı dili daha çox eşitməsi onun dil inkişafına birbaşa təsir edir. 2–6 yaş dövrü dilin formalaşdığı ən həssas mərhələdir və bu dövrdə uşaq əsasən eşitdiyini mənimsəyir. Əgər uşaq gün ərzində daha çox xarici dildə cizgi filmlərinə məruz qalırsa, ana dilində söz ehtiyatı və ifadə bacarığı nisbətən zəif inkişaf edə bilər. Bu o demək deyil ki, xarici dildə kontent tam qadağan olunmalıdır. Əksinə, düzgün balans qurularsa, bu, uşağın ikinci dili öyrənməsinə də müsbət təsir göstərə bilər. Amma əsas məsələ prioritetin ana dilində olmasıdır. Uşaq əvvəlcə öz ana dilində düşünməyi və fikrini ifadə etməyi öyrənməlidir.
Valideynlərə tövsiyə olaraq qeyd etmək olar ki, erkən yaşlarda cizgi filmlərinin mümkün qədər ana dilində olması daha faydalıdır. Əgər xarici dil seçilirsə, bu, məhdud vaxt çərçivəsində və nəzarətli şəkildə həyata keçirilməlidir”.

Psixoloq valideynləri övladları ilə daha çox şifahi ünsiyyət qurmağa da çağırır:
“Digər vacib məqam ünsiyyətdir. Uşaq dili yalnız ekran vasitəsilə deyil, canlı ünsiyyət yolu ilə öyrənir. Valideynin onunla danışması, suallar verməsi, hekayələr oxuması dil inkişafını qat-qat gücləndirir. Əgər uşaq xarici dildə sözlər işlətməyə başlayırsa, bunu qadağan etmək əvəzinə, həmin sözlərin ana dilində qarşılığını sakit şəkildə təqdim etmək daha effektivdir. Eyni zamanda birgə izləmə də çox önəmlidir. Valideyn uşaqlarla birlikdə izlədikləri məzmunu izah etdikdə, uşaq həm məzmunu daha düzgün anlayır, həm də dili daha şüurlu şəkildə mənimsəyir”.
Gülbəniz Səfərova






