Yağışlı havada bu qaydanı pozanlar cərimələnəcək - Sürücülərə XƏBƏRDARLIQ
Yağışlı və ya qarlı havalarda yollarda yaranan gölməçələr sürücülər və piyadalar arasında narazılığa səbəb olan halları artırır. Xüsusilə avtomobilin yüksək sürətlə hərəkəti zamanı yol kənarında dayanan və ya keçən piyadaların üzərinə palçıq sıçraması tez-tez rast gəlinən hallardandır. Bu cür davranış həm etik baxımdan qınanır, həm də bəzi hallarda inzibati məsuliyyət məsələsini gündəmə gətirir. Bəs görəsən, avtomobil sürücüsünün hərəkət zamanı piyadaların üzərinə palçıq sıçratmasına görə qanunvericilikdə hər hansı məsuliyyət və ya cərimə nəzərdə tutulubmu? Əgər nəzərdə tutulubsa, bu hansı hallarda tətbiq edilir?
Bununla bağlı 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasov Patrul.az-ın sualını cavablandırıb.
Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə görə, suyu və ya palçığı qəsdən üzərlərinə sıçradan sürücülər 40 manat cərimə olunur:
“İXM-də küçələrdəki suyu, palçığı qəsdən piyadaların, digər avtomobillərin, binaların üzərinə sıçradan sürücülər barədə məsuliyyət nəzərdə tutulub. Burada ola bilər ki, sürücü bu əməli bilərəkdən etməsin. Əgər yolda hər hansı gölməçə varsa, sürücü bunun dərinliyini müəyyənləşdirməkdə çətinlik çəkirsə, təbii ki, bu halda məsuliyyət nəzərdə tutulmur. Ancaq sürət həddini azaltmaqla sürücülər daha ehtiyatlı davranmağa çalışmalıdırlar. Bəzən heç yolda piyada olmasa belə, qarşı tərəfdən gələn avtomobilin sürücüsü pəncərəni azca aşağı salıbsa, onun sifətinə də palçıq sıçraya bilər və qəza şəraitinin yaranmasına səbəb olar. İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsində də göstərilir ki, su və ya palçığın yolda piyadalara, binalara və nəqliyyat vasitələrinə qəsdən sıçradılmasına görə sürücülər 40 manat miqdarında cərimə olunurlar”.

Vəkil bildirir ki, “Yol hərəkəti haqqında” Qanuna əsasən, ara küçələrdə sürət həddi 20 km/saatdır və yağışlı havada sürücülər bu həddə əməl etməklə palçıq sıçramasının qarşısını ala bilərlər:
“İstənilən halda, hava şəraiti yağmurlu olarkən sürücü sürəti hesablamalıdır ki, yoldakı su nə qədər ətrafa sıçraya bilər. Bu kimi hallara adətən, ara küçələrdə rast gəlinir. Qanunvericilikdə o da nəzərdə tutulub ki, ara küçələrdə sürət 20 km/saat-dan yüksək ola bilməz. Çünki orada yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı “Yol hərəkəti haqqında” Qanuna dəyişiklik edilib ki, ara küçələrdə sürət həddi 20 km/saat-dan çox ola bilməz. Əgər sürücülər bu sürət həddinə riayət edərsə, nə piyadaların, nə də digər nəqliyyat vasitələrinin üzərinə palçıq sıçramaz”.
Cəmilə Cəfərzadə






