media-inshot_20251224_091822949

“Paşinyan Rusiyada bir neçə dəfə Azərbaycanın ünvanına müsbət yanaşmalar səsləndirib və bildirib ki, Azərbaycanın gördüyü işlər – tranzit yollarının açılması, kommunikasiyaların fəaliyyətə başlaması – yalnız Cənubi Qafqazda vəziyyətin yaxşılaşmasına xidmət edib. Bu məsələlərin Rusiyaya da birbaşa aidiyyəti var”.

Bu sözləri Patrul.az-a açıqlamasında politoloq Tofiq Abbasov dekabrın 22-də Sankt-Peterburqda Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşünü şərh edərkən deyib.

Politoloq görüş zamanı Paşinyanın “Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Rusiyaya yeni imkanlar açacaq” fikrinə münasibət bildirərək vurğulayıb ki, Ermənistan hökumətinin Rusiyaya meyilli çıxışlarının arxasında ölkədə qarşıdan gələn prezident seçkiləri və “Rusiya amili” dayanır:

“Əgər Azərbaycanla Ermənistan arasında münasibətlərdə yeni mərhələ başlayacaqsa və qatarlar birbaşa Rusiya ərazisindən keçərək Ermənistana daxil olacaqsa, bu, yeni imkanlar deməkdir. Paşinyanın verdiyi əsas mesaj ondan ibarətdir ki, Rusiya ilə birlikdə 10 noyabr 2020-ci il bəyanatına sadiq qalaraq bu proseslərdə iştirak edirlər. Halbuki Paşinyan bir müddət əvvəl Brüssel, Vaşinqton və Paris platformalarında fəallıq göstərirdi. İndi isə o bildirir ki, Avropa İttifaqına inteqrasiya niyyətini gündəmə gətirməsinə baxmayaraq, Rusiya, MDB və Avrasiya iqtisadi məkanı ilə əməkdaşlığını davam etdirir. Yəni Paşinyan hesab edir ki, atdığı addımlar Moskvanın gözləntilərinə cavab verir. Bu da onun siyasi davranışında yeni və fərqli gedişdir. Əsas məqsəd isə Ermənistan–Rusiya münasibətlərini tarazlaşdırmaqdır”.

media-inshot_20251224_090758561

T. Abbasovun fikrincə, Qərb tərəfindən də təzyiqlərə məruz qalan Paşinyanın yeganə çıxış yolu Rusiya ilə münasibətləri qaydaya salmaqdır:

“Paşinyan anlayır ki, Avropa və Qərb ona real dəstək verməyəcək. Çünki Avropa İttifaqı hazırda öz daxili problemləri ilə üz-üzədir və Ermənistanın yükünü üzərinə götürmək istəmir. Eyni zamanda, Paşinyan qarşıdan gələn seçkilərdə Rusiyanın dəstəyini itirmək niyyətində deyil. O da nəzərə alınmalıdır ki, ermənilərin böyük bir hissəsinin ailələri Rusiyada yaşayır və onlar da seçkilərdə iştirak edə bilərlər. Paşinyan Putinlə təkbətək görüşdə “Rusiya amili”ni xüsusi vurğulamaqla göstərdi ki, bu faktoru nəzərə alır və ondan imtina etmir. O açıq şəkildə bildirir ki, iki siyasi platforma arasında balans saxlamağa çalışır. Bir tərəfdən Qərb institutlarının təzyiqləri var, digər tərəfdən isə Ermənistanın Rusiya və MDB ilə ənənəvi münasibətlərini qorumağa çalışır”.

Politoloq əlavə edib ki, Ermənistan iqtisadiyyatındakı artımın səbəbləri də məlumdur:

“Rusiyaya tətbiq edilən sanksiyalar fonunda qadağan olunmuş texnologiya və malların daşınmasında Ermənistan mühüm rol oynayır. Rusiya İran kimi məhdudiyyətlər şəraitində fəaliyyət göstərən ölkədir və Ermənistan Moskva üçün bir növ alternativ mexanizm rolunu oynayır. Paşinyan da məhz bunu vurğulayaraq Ermənistanın bu proseslərdən faydalandığını və öz maraqlarını təmin etdiyini diqqətə çatdırır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər