Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına şübhəm yoxdur"
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağına şübhəm yoxdur”.
Patrul.az “Armenpress”ə istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib.
O bildirib ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanacağına əmindir:
“Sülh sazişinin imzalanacağına şübhəm yoxdur. Onun nə vaxt imzalanacağı ikinci dərəcəli məsələdir, amma mütləq imzalanacaq”, – deyə Nikol Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, tərəflər sülh prosesinə mane olmaq istəyən qüvvələrə qarşı mübarizə aparmalı və sülhün qorunması üçün səylərini artırmalıdırlar:
“Hazırda əsas məsələ sülhün möhkəmləndirilməsi və onun dönməz xarakter almasıdır. Bu baxımdan həm Ermənistanda, həm də Azərbaycanda daxili siyasi proseslər mühüm rol oynayır. Ermənistanda olduğu kimi, hesab edirəm ki, Azərbaycanda da sülhdən narazı olan və bu prosesi pozmağa çalışa biləcək müəyyən qüvvələr mövcuddur. Biz, Ermənistan Respublikasının vətəndaşları, əldə olunan sülhü müdafiə etməli və onun dönməz olmasına çalışmalıyıq”, – deyə o vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında üçtərəfli bəyanat imzalanıb.
Bundan beş il sonra – 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında Üçtərəfli Sülh Bəyanatı imzalanıb və tərəflər sülh müqaviləsini paraflayıblar.
Gülbəniz Səfərova






