Paytaxt sakinlərinə xoş xəbər: Bulvarda attraksionlar yenidən fəaliyyətə başladı
Dənizkənarı Milli Parkda attraksionlar yenidən fəaliyyətə başlayır.
Patrulaz.az xəbər verir ki, bir neçə il öncə istismar müddətini başa vurduğu üçün Dənizkənarı Milli Parkda böyüklər üçün nəzərdə tutulmuş attraksionların fəaliyyəti dayandırılıb və onlar ərazidən yığışdırılıb.
İctimai marağı nəzərə alan Dənizkənarı Bulvar İdarəsi bu istiqamətdə yenidənqurma və bərpa işləri həyata keçirib.
Nəticədə tamamilə yeni tərtibatda və müasir dizaynda yaradılmış əyləncə zonası ənənəvi məkanında ziyarətçilərin ixtiyarına verilir. Yeni attraksionlar – əvvəlki yerində fəaliyyətə başlayır.
Bu dəfə ziyarətçilər üçün rahat və innovativ sistemlər tətbiq olunub. Belə ki, kassa ilə yanaşı bilet terminalları da mövcuddur. Bu terminal vasitəsilə cəmi üç toxunuşla bilet əldə etmək mümkündür. Bu sistem həm insan sıxlığının idarə olunmasına, həm də şəffaflığa xidmət edir. Attraksionlar bütün texniki normalara, müasir tələblərə cavab verir. Buna baxmayaraq gündəlik əsasda teniki baxış həyata keçiriləcək.
Eyni zamanda, Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Əfsanə Mehdiyeva jurnalistlərə açıqlamasında bildirib ki, yaxın günlərdə mobil tətbiq vasitəsilə bulvardakı attraksionlara bilet almaq mümkün olacaq.






