Piyada zolağı çəkilib, amma səki yoxdur - VİDEO
Patrul.az redaksiyasına daxil olan məlumata görə, paytaxtın Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində yerləşən piyada keçidi ilə bağlı ciddi problem mövcuddur. Bildirilir ki, həmin ərazidə çəkilmiş piyada zolağının son nöqtəsi birbaşa ağaclıq sahəsində bitir və piyada zolağı olmasına baxmayaraq, qarşı tərəfdə piyada səkisi mövcud deyil.
Məsələni yerində araşdırmaq üçün Patrul.az əməkdaşları qeyd olunan ünvana baş çəkib. Ərazidə aparılan müşahidələr zamanı məlum olub ki, sakinlərin iddiaları həqiqəti əks etdirir. Piyada zolağı yolun bir tərəfindən digər tərəfinə çəkilsə də, keçidin sonu səkisiz və ağaclıq sahəyə çıxır. Bu isə xüsusilə yaşlı insanlar, uşaqlar və fiziki məhdudiyyətli şəxslər üçün əlavə çətinlik və təhlükə yaradır.
Ərazidə yaşayan sakinlər bildirirlər ki, bu vəziyyət uzun müddətdir davam edir və gündəlik olaraq piyadalar üçün narahatlıq yaradır. Onların sözlərinə görə, piyada zolağından istifadə edən insanlar qarşı tərəfə keçdikdən sonra ya torpaq sahədən, ya da ağacların arasından keçərək yollarına davam etməli olurlar. Bu isə həm rahat hərəkətə mane olur, həm də təhlükəli vəziyyət yaradır.
Sakinlər qeyd edirlər ki, xüsusilə yağışlı havalarda vəziyyət daha da çətinləşir. Torpaq sahə palçığa çevrildiyindən piyadalar ya yenidən yolun hərəkət hissəsinə çıxmağa məcbur qalır, ya da ağacların arasından keçərək təhlükə ilə üzləşirlər.
Yerli sakinlər aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini, həmin ərazidə piyada səkisinin çəkilməsini və piyada keçidinin normal şəkildə istifadəyə uyğunlaşdırılmasını xahiş edirlər. Onların sözlərinə görə, sadə bir səki problemi olsa da, bu məsələ gündəlik olaraq onlarla insanın təhlükəsizliyinə təsir göstərir.






