media-7f1fa851-810c-4f71-aaa5-8c1fa2c4405d

Aprelin 28-də Azərbaycan Ordusunun mövqeləri Çəmbərək rayonu istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən yenidən atəşə tutuldu. Bu, Ermənistanın təxribatçı fəaliyyətlərini davam etdirdiyini göstərir. Maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh təşəbbüsləri ilə bağlı irəliləyişlər əldə edildiyi bir dönəmdə İrəvan hökuməti niyə hələ də təxribatlardan əl çəkmir?

Patrulaz.az-a açıqlama verən politoloq Samir Hümbətov bu məsələyə münasibətini bildirərək, Ermənistanın mövqeyini açıq şəkildə izah etdi:

“Ermənistan uzun müddətdir ki, davamlı şəkildə atəşkəsi pozur. Son dövrlərdə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında müəyyən irəliləyişlər müşahidə olunur, bəzi bəndlər üzərində razılaşmalar əldə edilir. Lakin görünür ki, Ermənistan hökuməti bu bəndlərin hamısını tam şəkildə qəbul etmək istəmir. Məhz bu səbəbdən Ermənistan tərəfi müxtəlif təxribatlara əl ataraq, daxildəki bəzi qüvvələrin sülh sənədində dəyişiklik etmək istədikləri görüntüsünü yaratmağa çalışır”.

Politoloq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatları sülh prosesini pozmaq məqsədi daşıyan addım kimi dəyərləndirir. Onun fikrincə, İrəvan hökuməti sülh danışıqlarının bəzi bəndləri ilə razılaşmaq istəmir və bu səbəbdən danışıqlarda irəliləyişin qarşısını almaq üçün bilərəkdən gərginlik yaradır:

“Eyni zamanda ehtimal etmək olar ki, Ermənistanda hökumətdənkənar qüvvələr mövcuddur və onlar hadisələrin gedişatına təsir etməyə çalışırlar. Bu qüvvələr sülh danışıqları prosesini “sabotaj” etmək niyyətindədirlər. Bir sözlə, istər Ermənistan hökumətinin müəyyən bəndləri qəbul etməməsi, istərsə də daxili qüvvələrin təxribatları, hər iki halda vəziyyətin gərginləşdirilməsi məqsədi güdülür. Mənə elə gəlir ki, istənilən halda baş verəcək qarşıdurmalar daha ciddi toqquşmalara səbəb ola bilər. Hazırkı vəziyyətdə Ermənistan hökumətinin atəşkəsi pozması sülh danışıqları prosesini pozmağa yönəlmiş addım kimi qiymətləndirilə bilər. Görünən odur ki, Paşinyan hökuməti danışıqların bəzi bəndləri ilə razılaşmaq istəmir və geri addım atmaqdan çəkinir”.

media-ae096000-8e20-493c-a931-9b991a7cd5d4
S. Hümbətovun fikrincə, İrəvan hökuməti xarici qüvvələrin dəstəyindən istifadə edərək Azərbaycana qarşı təxribatlar törətməkdə maraqlıdır. Xüsusilə, Fransa kimi dövlətlərin Ermənistana siyasi dəstək verməsi bu cür təxribatların arxasında dayanan əsas səbəblərdən biri kimi qiymətləndirilə bilər:

“Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı təxribatları xarici qüvvələrin, xüsusilə Fransa və bəzi digər ölkələrin təsiri altında da həyata keçirilə bilər. Çünki regionda, paralel olaraq Hindistan-Pakistan qarşıdurmasının kəskinləşməsi fonunda, Türkiyə, Azərbaycan, Fransa və Yunanıstan kimi dövlətlərin diqqəti müxtəlif istiqamətlərə yönəlir. Bu isə bəzi qüvvələrin Cənubi Qafqazda münaqişəni genişləndirməyə çalışdığını göstərir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər