Politoloq: "İranın Naxçıvana dron zərbələri ölkədə idarəetmə xaosunun göstəricisidir"
“İranın Naxçıvan Muxtar Respublikasına dron zərbələri endirməsi bu ölkədə ciddi idarəetmə problemlərinin mövcud olduğunu bir daha ortaya qoyur. Baş verənlər göstərir ki, İranda vahid və birmərkəzli idarəetmə sistemi faktiki olaraq işləmir və ölkədə müəyyən mənada xaotik vəziyyət hökm sürür”.
Bunu İranın Naxçıvana hücumu ilə əlaqədar Patrul.az-a açıqlamasında politoloq Anar Əliyev deyib.
Onun sözlərinə görə, SEPAH tərəfindən dünən Türkiyəyə, bu gün isə Naxçıvana hücumların həyata keçirilməsi İran hökumətinin bu quruma qarşı qərar verməkdə zəif olduğunu göstərir:
“İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ayrı-ayrı komandirləri müstəqil qərarlar vermək imkanına malikdirlər və bu da dövlət idarəetməsinin funksional şəkildə həyata keçirilə bilmədiyini göstərir. İranın körfəz ölkələrinə, dünən Türkiyəyə, bu gün isə Naxçıvana zərbələr endirməsi və raketlər göndərməsi onun hərbi gücünü və ya özünümüdafiə imkanlarını nümayiş etdirməkdən daha çox, ölkə daxilindəki başıpozuqluğun göstəricisidir. Bu addımlar əksinə, İranın idarəetmə sistemində ciddi problemlərin olduğunu, qərarların qəbul edilməsi və icrası prosesində böyük çətinliklər yaşandığını göstərir”.
Politoloqun fikrincə, SEPAH münaqişə coğrafiyasını genişləndirməklə ABŞ və İsraili fakt qarşısında qoymağa, müəyyən mənada onları şantaj etməyə və nəticədə İrana qarşı mümkün əməliyyatlardan çəkindirməyə çalışır:
“İran rəsmilərinin, o cümlədən Əli Laricani və Xameneinin müavininin danışıqlara getməyəcəklərini bəyan etməsi əslində fərqli mesaj kimi qiymətləndirilməlidir. İran diplomatiyasının indiyədək sərgilədiyi davranışlara nəzər salsaq görərik ki, rəsmi Tehran çox vaxt açıqladığı mövqenin əksinə addımlar atır. Yəni üzdə bir mövqe nümayiş etdirilir, arxa planda isə tam fərqli siyasət yürüdülür. Bu baxımdan, son bəyanatlar əslində İranın danışıqlara hazır olduğunun dolayısı ilə mesajı kimi də qiymətləndirilə bilər”.

A. Əliyevin sözlərinə görə, İran hazırda tam məğlubiyyəti ifadə edən təslimçi sülhə razı olmaq istəmir. Rəsmi Tehran daha çox öz imicini qoruya biləcəyi və müəyyən şərtlərinin nəzərə alınacağı bir çıxış yolu axtarır. Bu məqsədlə də münaqişənin coğrafiyasını genişləndirməyə çalışır:
“Bu cür addımlar İran üçün olduqca risklidir və ağır nəticələrə səbəb ola bilər. Bu yanlış addımlar nəticə etibarilə İran üçün ciddi itkilərlə nəticələnə bilər. Hətta bu siyasət molla rejiminin sonunu daha da yaxınlaşdıra bilər”.
Eyni zamanda, politoloq İran daxilində milli azlıqlar arasında narazılıqların artdığını, müxtəlif hərəkatların və təşkilatlanma proseslərinin gücləndiyini də qeyd edib.
Onun fikrincə, rejim xarici gərginlik yaratmaqla daxildə baş qaldıra biləcək narazılıqların və mümkün inqilabi proseslərin qarşısını psixoloji baxımdan almağa çalışır:
“Yaxın günlərdə İranın həm daxildə, həm də xaricdə atdığı bu yanlış addımların nəticələri daha aydın görünəcək. Həm İran cəmiyyəti, həm region dövlətləri, həm də beynəlxalq ictimaiyyət rəsmi Tehranın nə qədər güc itirdiyinin və müqavimət imkanlarının zəiflədiyinin şahidi olacaq”, – deyə politoloq vurğulayıb.
Aynur Nadirqızı






