Prezidentin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşımında əks olunanlar - VİDEO
Prezident İlham Əliyev sosial şəbəkə hesabında BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı ilə bağlı paylaşım edib.
Patrulaz.az xəbər verir ki, paylaşımda əks olunan məqamlara görə, dövlət başçısı Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Nyu-Yorkda yerləşən BMT Baş Qərargahının İclas Zalına daxil olub.
Kadrlarda İlham Əliyevin BMT Baş katibi Antonio Quterreşlə əl sıxaraq salamlaşması, Mehriban Əliyevanın isə BMT Baş katibinin birinci müavini Amina J. Mohammedlə görüşü yer alıb. Prezidentin digər BMT iştirakçıları ilə səmimi ünsiyyəti də görüntülərdə əksini tapıb.
Paylaşımda ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı İlham Əliyevlə səmimi dialoqdan görüntülər də yer alıb.
Xatırladaq ki, Trampın nitqini İlham Əliyev və Mehriban Əliyeva alqışlarla qarşılamaqla yanaşı, iki lider arasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qısa dialoq da baş tutub. Belə ki, İlham Əliyev Trampın “münaqişə 20 il davam etdi” sözlərini düzəldərək, onun 30 il çəkdiyini və ABŞ prezidentinin səyləri nəticəsində başa çatdığını xatırladıb.
Həmçinin paylaşımda, İlham Əliyevin BMT Baş katibi Antonio Quterreşlə ayrıca görüşü və təşkilatın fəxri qonaqlar kitabını imzaladığı əks olunub.
Paylaşımın sonunda, Prezidentin Assambleyadakı çıxışının son cümləsi xüsusi yer alıb:
“Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq. Təşəkkür edirəm”.






