media-inshot_20260313_143844021

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda XIII Qlobal Bakı Forumu keçirilib. Qlobal Bakı Forumu artıq regional və beynəlxalq müstəvidə nüfuzlu diplomatik platformalardan birinə çevrilib. Hər il ardıcıl şəkildə təşkil olunan forumda dünya birliyi və bəşəriyyət üçün aktual məsələlər müzakirə olunur, qlobal tendensiyalar və çağırışlar ətraflı dəyərləndirilir.

Bu məqamı XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edən Prezident İlham Əliyev də öz çıxışında xüsusi olaraq vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların formalaşdırılmasında, dəyişən beynəlxalq vəziyyətə aid məsələlərə münasibətin müəyyən edilməsində bu forumun böyük rolu var”.

Bu sözləri Patrul.az-a açıqlamasında deputat Ceyhun Məmmədov martın 12-də Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda iştirak edən Prezident İlham Əliyevin açılışdakı çıxışını şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycanın bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun nüfuzunu artırır:

“Dövlət başçısı onu da vurğulayıb ki, müasir dövrdə dünyada baş verən siyasi və iqtisadi proseslər beynəlxalq əməkdaşlığın və dialoqun daha da gücləndirilməsini zəruri edir. Bu baxımdan Qlobal Bakı Forumu fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması üçün mühüm platforma rolunu oynayır.

Forum çərçivəsində qlobal təhlükəsizlik, beynəlxalq münasibətlər, iqtisadi əməkdaşlıq və digər aktual məsələlər üzrə müzakirələr aparılıb. Qlobal Bakı Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nüfuzlu qonaqlar, siyasətçilər, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların nümayəndələri və ekspertlər tərəfindən qlobal gündəlikdə duran aktual məsələlər müzakirə edilib.

Dünyada geosiyasi gərginliklərin artdığı, müxtəlif regionlarda qarşıdurmaların dərinləşdiyi bir dövrdə Bakıda yüzlərlə nüfuzlu beynəlxalq qonağın iştirakı ilə qlobal problemlərin müzakirəyə çıxarılması mühüm və təqdirəlayiq addımdır”.

media-inshot_20260313_143054307

C.Məmmədov bildirib ki, bu cür qlobal tədbirlərdə Azərbaycanın aparıcı ölkələrdən biri olmasında Prezident İlham Əliyevin xüsusi rolu var:

“Qlobal Bakı Forumu artıq regional və beynəlxalq səviyyədə nüfuzlu diplomatik platformalardan birinə çevrilib. Hər il təşkil olunan bu forum çərçivəsində dünya birliyini narahat edən mühüm məsələlər müzakirə edilir, qlobal çağırışlar və tendensiyalar geniş şəkildə təhlil olunur.

Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada beynəlxalq tədbirlərin keçirildiyi mühüm məkanlardan birinə çevrilib. Azərbaycan bu mənada unikal nümunədir. Bu unikallıq ölkəmizə olan etimadın və nüfuzun artmasına səbəb olur. Bu gün Azərbaycan beynəlxalq müstəvidə gedən proseslərə fəal şəkildə töhfə verməyə çalışır, qlobal təşəbbüsləri dəstəkləyir və müxtəlif platformalarda dialoqun inkişafına xidmət edən addımlar atır. Qlobal Bakı Forumu da bu baxımdan ölkəmizin sülhün, əməkdaşlığın və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində həyata keçirdiyi mühüm təşəbbüslərdən biridir və gələcək üçün əhəmiyyətli töhfə hesab oluna bilər. Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən mühüm ölkələrdən biridir. Bu cür qlobal tədbirlərə ölkəmizin ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun və ona olan etimadın göstəricisidir”.

Gülbəniz Səfərova

 


Bənzər xəbərlər