"Prezidentin BMT çıxışı Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu" - Naqif Həmzəyev
“Prezident İlham Əliyevin 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyi nitq Azərbaycanın müasir tarixindəki dönüş nöqtələrini və gələcək perspektivlərini əks etdirən mühüm sənəd kimi qiymətləndirilir”.
Bu sözləri BMT-də dünən baş tutmuş Prezident İlham Əliyevin çıxışını şərh edən deputat Naqif Həmzəyev Patrulaz.az-a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, dövlət başçısının çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə, BMT qətnamələrinin icrasız qalması və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi xüsusi vurğulanıb. O əlavə edib ki, Prezident həmçinin 44 günlük müharibə dövründə Azərbaycanın beynəlxalq humanitar hüquqa riayət etdiyini diqqətə çatdırıb:

“Prezident İlham Əliyevin BMT tribunasındakı çıxışı Azərbaycanın otuz illik işğal faciəsindən qələbəyə aparan yolun ətraflı təsvirini verməklə başladı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyon azərbaycanlının öz doğma yurdlarından didərgin salınması, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra edilməməsi və ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti kimi faktlar beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq humanitar hüquqa tam riayət etməsi, mülki əhalinin qorunması və qeyri-hərbi obyektlərin hədəfə alınmamasından çəkinməsi xüsusi vurğulandı. Bu, Azərbaycanın hərbi əməliyyatları apararkən belə beynəlxalq hüquq normalarına sadiq qaldığının sübutudur. 2020-ci ildən sonra Azərbaycanın sülh prosesinə yanaşması çıxışın ən diqqət çəkici hissələrindən birini təşkil etdi. Ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmaq təşəbbüsü, beş təməl prinsipə əsaslanan sülh müqaviləsi layihəsinin təqdimi beynəlxalq diplomatiyada Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirdi”.
Millət vəkili İlham Əliyevin çıxışına diqqət çəkərək bildirib ki, dövlət başçısı Trampın vasitəçiliyi ilə əldə edilən sülh razılaşması, TRIPP marşrutunun yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasını regionda yeni reallıqlar formalaşdıran mühüm hadisələr kimi dəyərləndirib. O, həmçinin vurğulayıb ki, COP29-un nəticələri Azərbaycanın qlobal iqlim diplomatiyasında lider mövqeyini bir daha təsdiqlədi:
“ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda əldə edilən tarixi razılaşmalar xüsusi önəm daşıyır. Sülh müqaviləsinin paraflanması, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması və Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan addımlar regionda yeni geopolitik reallıqların formalaşdığından xəbər verir. Prezidentin çıxışında Azərbaycanın qlobal iqlim proseslərində oynadığı rol xüsusi yer tutdu. COP29-a ev sahibliyi etməklə əldə edilən nəticələr – Bakı Maliyyə Hədəfi, Paris Sazişinin 6-cı maddəsinə uyğun karbon bazarlarının formalaşması və İtki və Zərərlərə Cavab Fondunun fəaliyyəti – Azərbaycanın beynəlxalq iqlim diplomatiyasındakı lider mövqeyini təsdiqlədi.Lakin prezident həm də realist yanaşmanın vacibliyini vurğuladı. Dünyanın bu gün və yaxın gələcəkdə mədən yanacaqları olmadan yaşaya bilməyəcəyini qeyd edərək, yaşıl keçidə sadiq qalmaqla yanaşı, real olmayan hədəflər qoymamanın vacibliyini xatırlatdı”.
Cəmilə Cəfərzadə






