media-inshot_20250926_111253481

“2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəmizin beynəlxalq siyasətdə mövqeyini bir daha nümayiş etdirdi. Bu çıxış həm ritorik gücü, həm də siyasi məzmunu ilə diqqəti cəlb etdi”.

Bu sözləri BMT-də dünən baş tutmuş Prezident İlham Əliyevin çıxışını şərh edən millət vəkili Elnarə Akimova Patrulaz.az-a açıqlamasında deyib. Deputat dövlət başçısının beynəlxalq ictimaiyyətə ötürdüyü mühüm mesajları yüksək qiymətləndirərək, onun işlətdiyi “Müharibədə də, sülhdə də qalib gəldik” ifadəsinin Azərbaycanın gücünü, regiondakı sabitliyə verdiyi töhfəni nümayiş etdirdiyini bildirib:

“Azərbaycan lideri dünyaya “ədalətin seçici olmadığı bir nizam” çağırışını ünvanladı və açıq şəkildə bildirdi ki, beynəlxalq münasibətlərdə ikili standartlara yer olmamalıdır. Bu, əslində, yalnız Azərbaycanın deyil, bütün qlobal cəmiyyətin maraqlarını ifadə edən mesaj idi.

Prezidentin “Biz həm müharibədə, həm də sülhdə qalib gəldik” sözləri ölkəmizin son illərdə keçdiyi tarixi yolun siyasi yekunu kimi dəyərləndirilə bilər. Qarabağın işğaldan azad olunması ilə nəticələnən müharibə Azərbaycanın tarixi qələbəsini təmin etdi, ardınca isə bərpa və reinteqrasiya prosesi başladı. İlham Əliyev bu mesajı ilə dünyaya açıq şəkildə göstərdi ki, Azərbaycan yalnız güc tətbiq etməklə deyil, həm də sülh quruculuğu ilə regional sabitliyə töhfə vermək əzmindədir. Bu, həm diplomatik iradənin, həm də strateji dövlətçilik baxışının ifadəsidir”.

media-photo_12694-1

E. Akimova Prezidentin Ermənistanla sülh məsələsində uğurlu addımlar atdığını vurğulayan çıxışını da xatırladaraq bildirib ki, bu, Azərbaycanın öz işini kənar müdaxilələr olmadan da həll edə bildiyini sübut edir:

“Çıxışda Ermənistanla aparılan danışıqlara da toxunuldu. Prezident vurğuladı ki, müzakirələr yalnız ikitərəfli formatda aparıldığı üçün real nəticələr verib və artıq sülh müqaviləsi layihəsi beş əsas prinsip üzərində formalaşdırılıb. Bu yanaşma onu göstərir ki, Azərbaycan öz regionunda taleyini kənar müdaxilələr olmadan müəyyənləşdirməyə qadirdir və gələcək sabitliyin əsas şərti də məhz budur”.

Millət vəkili həmçinin, İlham Əliyevin ABŞ ilə münasibətləri barədə söylədiklərinə də toxundu:

“Əliyevin nitqində diqqət çəkən mühüm məqamlardan biri də ABŞ ilə münasibətlərə dair söylədiyi fikirlər idi. Vaşinqton Sammitinin Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ açdığını vurğulayan dövlət başçısı Strateji İşçi Qrupunun yaradılacağını və tərəfdaşlığın Xartiya ilə rəsmiləşdiriləcəyini bəyan etdi. Bu, Azərbaycanın Qərblə əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, ölkəmizin beynəlxalq siyasətdə daha etibarlı tərəfdaş kimi çıxış etməsinə şərait yaradacaq. Bu da həm investisiya mühitinin inkişafı, həm də təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsi deməkdir.

Azərbaycan liderinin çıxışında regional bağlantı və enerji diplomatiyası xüsusi vurğulandı. İlham Əliyev bir daha bəyan etdi ki, ölkəmiz regionda kommunikasiya xətlərinin, nəqliyyat dəhlizlərinin və enerji layihələrinin mərkəzi halqasına çevrilib. Bu isə Azərbaycanın təkcə coğrafi mövqeyindən deyil, həm də siyasi iradəsindən qaynaqlanır. Enerji ehtiyatlarının rasional istifadəsi, eyni zamanda alternativ və bərpa olunan enerji siyasəti Azərbaycanın dayanıqlı inkişaf yolunu göstərir. Bu mesaj beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş obrazını möhkəmləndirməklə yanaşı, ölkəmizin gələcəkdə də qlobal enerji təhlükəsizliyində həlledici oyunçu olacağını təsdiqləyir”.

Elnarə Akimovanın sözlərinə görə, Prezidentin BMT-dəki çıxışı Azərbaycanın həm diplomatiyada üstünlüyünü, həm də ədalətin tərəfində olduğunu göstərdi. Onun sözlərinə görə, bu təkcə Prezidentin çıxışı deyil, həm də beynəlxalq ictimaiyyətə mühüm çağırışlar edən manifestdir:

“Əliyevin çıxışı həm güc nümayişi, həm də diplomatik çağırışların tarazlaşdırılmış forması idi. O, qələbəni xatırlatdı, amma eyni zamanda sülh və ədalət prinsipini ön plana çəkdi. Bu, dünya siyasətində Azərbaycanın nüfuzunun artmasına xidmət edən mühüm ritorikadır. Çünki beynəlxalq münasibətlərdə yalnız hərbi və iqtisadi güc deyil, həm də hüquqa sadiqlik, ədalətə çağırış və bərabər tərəfdaşlıq prinsipləri əsas rol oynayır. Bu çıxışla Azərbaycan beynəlxalq ictimaiyyətə aydın mesaj verdi: ölkəmiz regionda yeni nizamın qurucusu, qlobal miqyasda isə etibarlı tərəfdaş və ədalətin müdafiəçisidir. Lakin bu ambisiyaların reallığa çevrilməsi üçün qarşıda mühüm vəzifələr dayanır. Sülh müqaviləsinin yekunlaşdırılması, ABŞ ilə strateji tərəfdaşlığın praktik məzmunla doldurulması və enerji siyasətində diversifikasiyanın davam etdirilməsi bu vəzifələrin başlıcalarıdır.

Bütün bunların fonunda İlham Əliyevin BMT tribunasından səsləndirdiyi fikirlər yalnız bir dövlət başçısının çıxışı deyil, həm də Azərbaycanın gələcək onilliklər üçün siyasi manifesti kimi dəyərləndirilə bilər. Bu manifest beynəlxalq ədalət çağırışına söykənir və dünyanı daha balanslı, daha etibarlı və daha ədalətli görmək istəyindən qaynaqlanır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər