"Prezidentin çıxışının sonunda ötürdüyü mesaj bütövlükdə planetimizin xoşbəxt gələcəyi üçün yol xəritəsidir" - Deputat
25 sentyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib. Dövlət başçısı çıxışında beynəlxalq hüquq, ədalət, ikili standartlar, münaqişələrin dinc yolla həlli və Azərbaycanın regional roluna dair əsas fikirlər səsləndirib.
Bu barədə də Milli Məclisin 70 saylı Neftçala seçki dairəsindən deputatı Tənzilə Rüstəmxanlı Patrulaz.az-a açıqlmasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı tarixi hadisədir. O, BMT-nin qətnamələrinin icrasını təmin etmiş prezident kimi çıxış edərək beynəlxalq hüququn aliliyini təsdiqlədi:

“Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı xüsusi tarixi hadisə sayılmalıdır. Çünki tarix Azərbaycan lideri BMT-nin mənzil-qərargahında beynəlxalq hüququn aliliyini, məhz BMT-nin öz qətnamələrinin icrasını aliliyini təmin etmiş prezident statusunda idi və onun BMT tribunasından çıxışı da məhz bu məqamın təsdiqi oldu. Azərbaycan prezidenti mütləq hərbi-siyasi qələbənin müəllifi kimi çıxışında dünyaya barış və inkişaf yolunu göstərmiş oldu”.
T. Rüstəmxanlı Prezidentin Suriyaya və digər bölgələrə humanitar dəstəkdən bəhs edərək çıxışının sonunda səsləndirdiyi mesaj, planetin xoşbəxt gələcəyi üçün yol xəritəsi olduğunu vurğulayıb:
“Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə bağlı təşəbbüsləri, əzilən xalqların hüquqlarının qorunması, Suriya və digər bölgələrə humanitar dəstəyindən danışan dövlət başçımızın çıxışının sonunda səsləndirdiyi “”Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” mesajı bütövlükdə planetimizin xoşbəxt gələcəyi üçün bir yol xəritəsidir”.
Cəmilə Cəfərzadə






