media-img_5023

Son zamanlar TikTok sosial platformasında “Psixoloq Şəfəq Qədirli” adı ilə fəaliyyət göstərən Şəfəq Qədirli müəyyən paylaşımları ilə diqqət çəkməyə başlayıb. Onun son vaxtlar yaydığı videolar cəmiyyətin bir hissəsində narahatlıq yaradıb. Səbəb isə sosial şəbəkədə özünü psixoloq kimi təqdim edən şəxsin qeyri-peşəkar ünsiyyət forması və mübahisəli mövzulara yanaşma tərzidir.

Psixologiya sahəsində çalışan mütəxəssislər üçün əsas prinsip insanla empatik, neytral və mühakiməsiz münasibət qurmaqdır. Bu peşənin mahiyyəti insan psixikasının elmi əsaslarla izahı, psixoloji problemlərin həlli və fərdin emosional rifahının qorunmasıdır. Psixoloq cəmiyyəti böləcək, fərqli qruplar arasında qarşıdurma yarada biləcək, dini və ya ideoloji mövzulara toxunaraq mübahisə doğura biləcək açıqlamalardan qəti şəkildə uzaq durmalıdır.

Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, Şəfəq Qədirli şəxsi yaradılış inancını açıq şəkildə paylaşaraq ateist istifadəçiləri müdafiə etdiyini, dindar şəxsləri isə “cahil” kimi qələmə verdiyini bildirir. Bu paylaşımların şərh bölməsində dini inanclara malik istifadəçilərə qarşı aqressiv münasibət formalaşır və mübahisələr daha da qızışdırılır. Həmçinin yayımlanan videolarda müxtəlif inanc qruplarını qarşı-qarşıya qoyan ritorikadan istifadə olunur ki, bu da psixoloq etikası ilə tamamilə ziddiyyət təşkil edir.

Azərbaycan tolerantlıq, birgəyaşayış və multikultural dəyərlər üzərində qurulan dövlətdir. Ölkədə dini və etnik müxtəlifliklərə hörmətlə yanaşmaq dövlət siyasətinin əsas prinsiplərindəndir. Bu prinsiplərə zidd hər hansı çağırış və ya mövqe cəmiyyət daxilində qarşıdurma üçün zəmin yaradır. Peşəkar psixoloqun təxribat xarakterli ifadələrlə insanları qarşıdurmaya sürükləməsi və fərqli inanclara sahib insanlara qarşı mənfi münasibət yaratması həm etik, həm də ictimai məsuliyyət baxımından yolverilməzdir.

Beynəlxalq psixoloji etika normaları da bu məsələdə aydın mövqe ortaya qoyur. Amerika Psixologiya Assosiasiyası (APA), Avropa Psixologiya Federasiyası (EFPA) və digər beynəlxalq qurumların qəbul etdiyi prinsiplərə əsasən, psixoloq fəaliyyətində neytrallıq, ayrı-seçkiliyə yol verməmək, dini, etnik və mədəni mənsubiyyətə hörmətlə yanaşmaq əsas tələbdir. Mütəxəssis heç bir halda şəxsi inanclarını ictimai müzakirəyə çıxararaq müəyyən qrupları təhqir etməməlidir. Psixoloqun davranışı həm deontoloji öhdəlik, həm də hüquqi məsuliyyət daşıyır.

Azərbaycanda psixoloqların fəaliyyət prinsipləri də bunu açıq şəkildə göstərir. Psixoloji yardım göstərən şəxslər neytral mövqedə dayanmalı, heç bir sosial, dini, etnik və ideoloji fərqliliyi qarşıdurma vasitəsinə çevirməməlidir. Psixoloq yalnız elmi yanaşma, peşə kodeksi və qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməlidir. Sosial şəbəkələrdə aktivlik göstərən psixoloqlar isə daha yüksək məsuliyyət daşıyır, çünki onların davranışı geniş auditoriyanın düşüncəsinə təsir edir.

Beynəlxalq psixologiya normalarına görə psixoloq ayrı-seçkilik yaradan ifadələrdən çəkinməli, dini və ideoloji mövzuları şəxsi təbliğat vasitəsinə çevirməməli, ictimai rəyə təsir edən manipulyativ davranışlardan uzaq durmalı, aqressiv və mübahisə yaradan çağırışlara yol verməməli, fərqli inanclara sahib insanlara hörmətlə yanaşmalı və sosial mediada da peşə kodeksinə əməl etməlidir.

Psixoloqun əsas missiyası insan psixikasına dəstək olmaq, insanları parçalamaq yox, birləşdirməkdir. Bu peşədə ən vacib prinsip insanlara fayda vermək və cəmiyyət daxilində sağlam kommunikasiya mühitini qorumaqdır.

Bütün bu amillər nəzərə alındıqda, Şəfəq Qədirlinin sosial şəbəkələrdə nümayiş etdirdiyi davranışlar təkcə peşə etikası ilə ziddiyyət təşkil etmir, həm də ölkədə sosial qarşıdurma yaratmağa yönəlmiş açıq təxribat cəhdi kimi qiymətləndirilə bilər.


Bənzər xəbərlər