media-inshot_20260223_172220935

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putini artıq Üçüncü Dünya Müharibəsini başlatmaqda ittiham edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski bu barədə televiziya kanalına verdiyi müsahibədə danışıb.

Onun sözlərinə görə, Ukrayna hazırda Putinin apardığı müharibənin daha da genişlənməsinin qarşısını almağa çalışır:

“Üçüncü Dünya Müharibəsi ilə bağlı müxtəlif fikirlər var. Mən inanıram ki, Putin artıq müharibəni başlatmışdır. Sual budur: O, nə qədər ərazini ələ keçirə bilər və biz onu necə dayandıra bilərik? Təkcə Rusiyanın qalib gəlməsinin qarşısını almaq üçün deyil, həm də Rusiya öz dünyasını qəbul etdirmək və insanların seçdiyi və sevdiyi həyatları dəyişdirmək istəyir. Buna görə də inanıram ki, Putin artıq bu müharibəni başlatmışdır və mən buna uzun müddətdir inanıram. Biz onun müharibəni daha böyük, tammiqyaslı Üçüncü Dünya Müharibəsinə çevirməsinin qarşısını alırıq. Bu gün biz Putini dayandıran ön cəbhəyik”.

Ukrayna Prezidenti müsahibə zamanı müttəfiqlərini də tənqid edib. O, tərəfdaş ölkələrin müharibəyə son qoymaq və Ukraynanın müdafiə imkanlarını gücləndirmək üçün yetərli addımlar atmadığını bildirib:

“Təəssüf ki, tərəfdaşlarımız hələ də bizə, məsələn, “Patriot” sistemlərini özümüz istehsal etməyə və ya heç olmasa artıq sahib olduğumuz sistemlər üçün raketlər istehsal etməyə imkan verən lisenziyalar verməyiblər. İndiyə qədər bu məsələdə heç bir uğur qazana bilməmişik. Heç olmasa raketlər üçün lisenziyalara ehtiyacımız var. Ukraynanı bu müharibədə necə gücləndirə bilərik? Bu, çox aydındır: səmaları bağlamaqla. Əgər mülki şəxslər qorunursa, arxa cəbhələrimiz təhlükəsizdirsə, insanlar işləyirsə, uşaqlar məktəbə gedirsə, iqtisadiyyat işləyirsə, pul olursa və cəbhəyə getmək üçün vergilər toplanırsa. Biz ordunu belə gücləndiririk. Amma təəssüf ki, hələlik belə deyil”, – deyə o, əlavə edib.

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə hücumu ilə başlayan Moskva-Kiyev müharibəsində indiyədək hər iki tərəfdən ümumilikdə 1 milyondan çox insanın həlak olduğu bildirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər