Qalaktikanın mərkəzində nə aşkarlandı ? – Alimlərdən YENİ KƏŞF
Qalaktikanın qəlbində “qəribə saplar” aşkarlanıb.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, alimlər Süd Yolu qalaktikasının mərkəzində əvvəllər rast gəlinməyən nazik qaz saplarını müşahidə ediblər.
“Astronomy & Astrophysics” jurnalında dərc olunmuş yeni tədqiqatda beynəlxalq alimlər qrupu Çilidə yerləşən Atacama Böyük Millimetr/millimetraltı Massivindən (ALMA) istifadə edərək Mərkəzi Molekulyar Zonada maraqlı struktur kəşf ediblər.
Qalaktikanın mərkəzindəki bu zonada tozlu qazların hərəkətinə dair yüksək keyfiyyətli xəritələmə nəticəsində “yadplanetli” görünüşə malik, uzun və dar filamentlər, yəni sapabənzər strukturlar müəyyən edilib.
Tədqiqatın rəhbəri, Şanxay Jiao Tonq Universitetindən Kai Yang, tapıntının fövqəladə olduğunu deyib:
“Çıxışları göstərən ALMA şəkillərini yoxladığımız zaman, bu uzun və dar sapların hər hansı bir ulduz əmələ gətirən bölgədən uzaqlaşdığını gördük. Bildiyimiz hər hansı obyektdən fərqli olaraq, bu saplar bizi həqiqətən təəccübləndirdi”,- qeyd ediblər.
Araşdırmada bildirilir ki, bu filamentlər şok dalğaları və molekulyar buludlar arasındakı dinamik qarşılıqlı təsir nəticəsində yaranır. Silikon monoksit və digər üzvi molekulları ətrafa yayaraq maddə dövranına töhfə verir.
Şanxay Astronomiya Rəsədxanasından professor Xing Lu isə bu strukturları belə izah edir:
“Biz bunları kosmik tornadolar kimi təsəvvür edə bilərik. Onlar şiddətli qaz axınlarıdır, qısa müddətdə dağılır və materialları ətraf mühitə səmərəli şəkildə paylayırlar”-deyə vurğulayıb.
Qeyd edək ki, tədqiqatçılar bu kəşfin qalaktikanın mərkəzində baş verən prosesləri daha dərindən anlamaq baxımından mühüm addım olduğunu bildirirlər.
Gülbəniz Səfərova