14 gün qaydası hər mala aid deyil - Geri qaytarılmayan məhsulların SİYAHISI
İstehlakçılar arasında geniş yayılmış fikrə görə, məhsul alındıqdan sonra 14 gün ərzində geri qaytarıla bilər. Lakin bəzi mallar üzrə qaytarma şərtlərinin fərqli olduğu, hətta müəyyən məhsulların ümumiyyətlə geri qəbul edilmədiyi bildirilir. Bu isə alıcılarla satıcılar arasında mübahisələrə səbəb olur. Qanunvericilikdə məhsulların geri qaytarılması hansı qaydada tənzimlənir və bu sahədə hansı istisnalar nəzərdə tutulur?
Patrul.az məsələni aydınlaşdırmaq üçün 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.
O qeyd edib ki, ölkəmizin qanunvericiliyinə görə, alıcıların istehlak etdikləri malların və xidmətlərin lazımi keyfiyyətdə olmasına, onların təhlükəsizliyinə, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə hüququ var:
““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə görə lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir”.
Mülki Məcəllənin 623.1-ci maddəsini yada salan vəkil bildirib ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər:
“Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.. 623.2-ci maddədə isə deyilir ki, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Lakin heç də bütün malları göstərilmiş əsaslar üzrə dəyişdirmək mümkün deyil. Belə ki, bir sıra mallar var ki, qanunla onların dəyişdirilməsi mümkün deyil. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsinə görə bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

A.Abbasov Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısını sadalayıb:
1. Qızıl və qızıl məmulatları.
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar.
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr).
4. Parfümer-kosmetika malları.
5. Kişi, qadın və uşaq çimərlik paltarları.
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları.
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.).
9. Uşaq oyuncaqları.
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Qida üçün plastmasdan hazırlanmış məmulatlar.
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) qida məhsulları.
Nəticə olaraq, həm alıcılar, həm də satıcılar qanunvericiliyin tələblərini dəqiq bilməlidirlər. İstehlakçı öz hüququnu bilməli, satıcı isə qanuni öhdəliklərini yerinə yetirməlidir. Əks halda, sadə ticarət münasibəti hüquqi mübahisəyə çevrilə bilər”.
Ləman Sərraf






