Qara Cümə alış-maniyası: Endirimlər insan beynini necə manipulyasiya edir? - RƏY
Son illər “Qara Cümə”, “Kibertəhvilatlar” və digər endirim kampaniyaları zamanı mağazalar və onlayn platformalarda müşahidə olunan alış-veriş sıçrayışı diqqət çəkir. İnsanlar saatlarla növbəyə dayanır, ehtiyac duymadıqları məhsulları belə səbətlərinə əlavə edirlər. Sosial şəbəkələrdə paylaşılan “son 1 ədəd qaldı”, “tükənmək üzrədir” kimi bildirişlər isə sanki kollektiv yarış hissi yaradır.
Bəs, endirim günlərində yaranan “itirmə qorxusu” insanları hansı psixoloji mexanizmlərlə alış-verişə sövq edir? Bunun əsas səbəbi nədir?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, endirim zamanı yaranan FOMO insanın mükafat sistemini aktivləşdirərək onu məntiqsiz, tələsik alış-veriş qərarlarına sövq edir:
“İtirmə qorxusu yəni FOMO beynin “təcili qərar vermə” mərkəzini aktivləşdirən çox güclü psixoloji təhrikdir. Endirim zamanı insanlar real ehtiyacla yox, “bunu indi almasam, bir daha belə şans olmayacaq” düşüncəsi ilə hərəkət edirlər. Bu zaman qərarvermə prosesində mükafat sistemi aktiv olur, amma məntiq mərkəzi zəifləyir”.

Psixoloqun sözlərinə görə, “Son 2 ədəd” kimi mesajlar dopamini artıraraq insanda təciliyyət hissi yaradır və nəticədə düşünülməmiş alış-verişə səbəb olur:
“İnsanın beynindəki dopamin sürətlə yüksəlir, xüsusi ilə “son 2 ədəd”, “yalnız bu gün”, “yüzlərlə insan səbətə əlavə edib” kimi mesajlar təciliyyət hissini artırır. Bu da düşünülməmiş alış-verişə gətirib çıxarır. Marketlərin dizaynından tutmuş, reklam bildirişlərinə qədər hər şey davranış psixologiyası üzərində qurulub”.
Cəmilə Cəfərzadə






