"Qəbir yerlərinin alqı-satqı predmetinə çevirməsi utancvericidir" - RƏY
Tez-tez yaxınlardan, dost-tanışlardan eşidirik: Bakıda filan qəbristanlıqda dəfn üçün qəbir yerini filan qiymətə aldıq. Aşağı qiymət də var, yuxarı qiymət də. Yeni tikililər kimi. Şəhərin prestijli yerindəki qəbiristanlıqlar bahadır, bir az kənardakılar isə ucuz.
Qəbir yerlərinin qiyməti də yeni tikililərdəki mənzil qiymətlərinin kvadratmetri ilə aşağı-yuxarı eynilik təşkil edir.
Dini baxımdan qəbir yerlərinin alqı-satqı predmetinə çevrilməsi nə dərəcədə doğrudur?
Patrul.az mövzu ilə bağlı ilahiyyatçı Tural İrfanın fikirlərini öyrənib.
Onun sözlərinə görə, dini yöndən qəbir yaxud qəbir yeri alveri qəbahət iş sayılır:
“Hər bir insanın, hətta kafir belə olsa sonda bir parça torpağa dəfn edilmək haqqı tanınır. Çünki hamı Allahın yaratdığı bəndədir. İslamda yandırmaq, divara hörmək, suya atmaq kimi qayda yoxdur, meyit ancaq torpağa basdırılmalıdır. Ancaq xüsusən paytaxt ərazilərində qəbir yerlərinin satılması və geniş ticarəti sadəcə özbaşınalıqdan doğur. Çünki bu sahə demək olar ki, unudulub. Müəyyən işbazlar qəbristanlıqlarda yerlər tutur, sonra da baha qiymətə varlı adamlara satır”.

İlahiyyatçı, bəzən bu alveri elə aidiyyəti məmurların ortaya çıxardığını qeyd edib:
“Paytaxtda əhali də çoxdur. Abşeron, Sumqayıtı da əlavə etsək Bakı və ətraf rayonlarda 7 milyona yaxın qeydiyyatlı və qeydiyyatsız əhali yaşayır. Belə bir sıxlıqda isə qəbir yerlərinin məhdud olması təbiidir. Bunun nəticəsində də bəzi sakinlərə yer məhdudluğu əsası ilə qəbirləri baha satırlar. Bu yöndə ciddi tənzimlənmə işləri aparılmalı, yeni qanun qəbul edilməlidir. Həm torpaq zəbtinin qarşını almaq, həm də təmtəraqlı qəbir daşları ilə geniş ərazilərin israf olunmasının qarşısı alınmalıdır. Qəbir alveri haramdır. Qəbir yerini satmaq məqbul deyil. Əgər ərazi şəxsi mülkiyyətdə olarsa İslam hüququna görə sahibindən pulla yaxud ümumi halallıqla alınmalıdır. Lakin məzarlıq üçün nəzərdə tutulan yerlərdə qəbir yerini pulla satmaq dini, əqidəni, vicdanı satmaq kimidir”.
Həmsöhbətimiz əlavə edib ki, qəbir yerlərinin alqı-satqı predmetinə çevirməsi utancvericidir:
“Əgər yer məhduddursa mərtəbəli qəbirləri ənənəyə əlavə etmək olar. Yaxud daha böyük ərazi zəbt etmiş məmurlardan həmin əraziləri geri alıb məzarlığa qatmaq olar ki, bu zaman məhdudiyyət yaranmaz. Ümumiyyətlə bu məsələdə müəyyən dairələr ticarət edib pul qazanır deyə problem illərdir davam edir. Dinə görə harda mümkündürsə ölünü orada dəfn etmək lazımdır. Rüşvətlə qəbir almaq doğdu deyil. Ölünü heç olmasa son mənzilə rüşvətsiz, halallıqla yola salmaq lazımdır. Rüşvət verən də alan qədər günahkardır. Əgər şəhərdə rüşvətsiz mümkün deyilsə, kəndə, rayona aparıb orada dəfn etmək lazımdır. Çünki rayonunlarımızda, kəndlərdə bildiyim qədər qəbir yerinə görə vətəndaşlardan kütləvi pul yığımı ənənəsi yoxdur”.
Ləman Sərraf






