Qəhvəyi rəngli yumurtaların satışı məhdudlaşdırılacaq
Son illərdə Almaniyada yumurta qiymətlərinin artması bir sıra müzakirələrə səbəb olub.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, bu Avropa ölkəsində supermarketlərdə satılan yumurtaların təxminən 30%-i qəhvəyi rəngli olsa da, bu nisbət yaxın gələcəkdə dəyişməyə başlayacaq. Alman Yumurta İstehsalçıları Federal Birliyinin prezidenti Henner Şöneke bildirib ki, artıq qəhvəyi yumurtaların satışı artan istehsal xərcləri səbəbindən məhdudlaşdırılacaq. Onun sözlərinə görə, qəhvəyi yumurtaların istehsalı daha baha başa gəldiyindən, həm istehsalçılar, həm də supermarketlər iqtisadi baxımdan ağ yumurtalara üstünlük verməyə başlayıblar.
Şöneke xüsusilə vurğulayıb ki, qəhvəyi yumurtalar ənənəvi üsullarla yetişdirildiyi üçün onların qiyməti daha yüksəkdir. O, növbəti 5 il ərzində supermarketlərdə qəhvəyi yumurta tapmağın getdikcə çətinləşəcəyini bildirib. Qəhvəyi yumurtaların daha sağlam və təbii hesab edildiyinə dair cəmiyyət arasında geniş yayılmış bir fikir olsa da, bu yanaşmanın artıq kommersiya baxımından dayanıqlı olmadığını qeyd edib. Supermarketlərdə qəhvəyi yumurtaların satışı dayandırılsa da, bu yumurtaları müəyyən orqanik bazarlardan və təsərrüfatlardan əldə etmək mümkün olacaq. Supermarketlərdə atılacaq bu addımın bütün Avropada yumurta alış-verişi vərdişlərinə təsir edəcəyi gözlənilir.
Ləman Sərraf