media-inshot_20250926_192252198

NATO və Rusiya arasında münasibətlər son dövrlərdə daha da gərginləşib. Rusiya ilə Qərb arasında hərbi və siyasi toqquşmaların artması, həmçinin hər iki tərəfin hərbi mövqelərini gücləndirməsi vəziyyəti kritik nöqtəyə gətirib. Rusiyanın Fransadakı səfiri Aleksey Meşkovun “Əgər NATO Rusiya təyyarəsini vurarsa, bu, müharibə elanı deməkdir” açıqlaması da bu gərginliyi açıq şəkildə göstərir.

Bəs, Rusiya ilə NATO (və ya onun üzv dövlətləri) arasında real müharibə baş verə bilərmi?

Bu barədə politoloq Tofiq Abbasov  Patrulaz.az-a açıqlamasında bildirib ki, bəzi təxribatçı qüvvələr Rusiya ilə Qərb arasında müharibənin baş verməsinə çalışır. Onun sözlərinə görə, bu məsələdə ABŞ Prezidenti Donald Trampın da Rusiyaya qarşı mövqeyinin dəyişməsində əsas amil Qərblə danışıqlarının təsiri olub:

“Informasiya sahəsində Rusiya ilə Qərbin toqquşması məsələsi gündəmdədir və açıq-aydın görünür ki, bu problemə özünə məxsus təxribatçı qatqılar əlavə edənlər müharibənin baş verməsinə çalışırlar. Burada artıq Donald Trump da öz mövqeyini dəyişib. Bir neçə müddət əvvəl  Trampın istəyinin bu idi ki, Rusiya ilə birgə bir çox problemləri, o cümlədən Ukrayna məsələsini həll etsin. İndi isə biz görürük ki, Tramp 180 dərəcə mövqeyini dəyişir. Artıq demək olar ki, Rusiya ilə soyuq müharibə dövründədir. Belə düşünürəm ki, bu məsələ Trampın bir neçə gün əvvəl Londona səfərindən sonra baş verib. Orada Kral III Karol ilə görüşdü, digər görüşlər də oldu və görünür ki, Vaşinqtonla London arasında yeni bir razılıq əldə olunub. Bununla da Donald Tramp bir qədər mövqeyini sərtləşdirir.

ABŞ-də bu məsələ ilə bağlı çox yaxından məşğul olan beyin mərkəzləri var. Hətta hərbi-siyasi klublar da mövcuddur. Bunlar məsələni diqqət mərkəzində saxlayır və deyirlər ki, burada Amerika ilə Rusiyanın toqquşmasını istəyən qüvvələr var. Bu sirr deyil: həmişə, ömrü boyu müharibələrdən əvvəl bəzi mərkəzlər dəridən-qabıqdan çıxır ki, məsələn Rusiya ilə Almaniya arasındakı münasibətləri korlasınlar. Birinci Dünya Müharibəsi öncəsi, sonra bütün imperiyalar – Osmanlı, Almaniya imperiyası və digərləri Rusiya imperiyası ilə üz-üzə qoysunlar. Nəticədə məlum oldu ki, Birinci Dünya Müharibəsindən sonra 2–3 imperiya ümumiyyətlə süqut etdi: Rusiya imperiyası, Osmanlı imperiyası, Almaniya imperiyası. Kim duruş gətirdi? – Britaniya imperiyası. Amerika dövlət kimi də dünya müharibəsindən sonra duruş gətirdi və qazanc əldə etdi. Görünür, bu ssenarilər indi yenidən haradasa işlənir, yeniləri nəfəs alır və həyata keçirilir. Söz yox ki, burada Rusiyanı təhrik edirlər. Demirəm ki, Rusiya günahsızdır. Amma Rusiya hələ də deyir ki, “biz 50-dən artıq ölkə ilə savaş aparmırıq; onlar hamısı Ukraynaya bir ucdan kömək edirlər” – bu, müəyyən mənada həqiqətdir”.

 

T.Abbasov Polşa və Estoniya məsələsində toxunaraq bildirib ki, Rusiya hər iki ölkənin də hava məkanı pozub. Lakin bəzi məsələr var ki, bu işdə üçüncü tərəflərin də olduğunu göstərir:

“İndi isə qaldı Polşa ilə Estoniya məsələsinə…Rusiyanın uçuş aparatları orada tutulublar. Amerika mənbələri artıq xəbər verir ki, o aparatların SIM-kartları üçüncü dövlətlərə məxsusdur; Rusiyaya xüsusi deyil və orada kodlaşdırma aparılır. Kodlaşdırma Rusiyanın elektron sistemlərinə uyğun gəlmir. Burada üçüncü dövlətlərin iştirakı var. Bu bizə xəbər verir ki, yenə Avropa qitəsində müharibə qoxusunu gətirmək istəyənlər var. Müharibə üçün əsaslar yaratmaq istəyirlər və prinsip etibarilə Amerikanın daxili qüvvələri bu məsələdən çox ehtiyatlanırlar. Birincisi, Amerikani özünü bu proseslərə qatmaq istəmirlər. Digər tərəfdən isə başa düşürlər ki, yeni müharibə həqiqətən də fəlakətli ola bilər. Yeni dünya birliyi ümumiyyətlə böyük uçurum qarşısında qala bilər və bütün insanlıq burada məhv ola bilər.

Ona görə də mən belə düşünürəm ki, Rusiya artıqlaması ilə Trampın təhqirlərinə məruz qalır və deyir ki, “kağızdan düzəlmiş pələngdir” və s. Rusiyada isə deyirlər ki, “biz pələng deyilik, biz ayıyıq, amma ayının kağız variantı olmur. Bizi düzgün qiymətləndirmirsiniz”. Amerikada da bəzi ekspert birlikləri bildirirlər ki, Rusiya hərbi cəhətdən çox böyük potensiala malikdir. Həm texnoloji baxımdan irəliləyişə nail olub, həm də böyük həcmdə silah-sursat, təyyarələr, artilleriya qurğuları, pilotsuz aparatları istehsal edir. Gün ərzində ən azı Rusiyada 2 min pilotsuz təyyarə istehsal olunur”.

Politoloq həmçinin Qərbin istəyinin Rusiya ilə Almaniyanı toqquşdurmaqdan ibarət olduğunu vurğulayıb:

“Fikrimcə, Qərbin istəyi ondan ibarətdir ki, Rusiya ilə Almaniyanı toqquşdursunlar. Çünki Almaniyanın kansler Friedrich Merz-çox yaxşı dövlət xadimidir; digər tərəfdən isə deyilənə görə onun nasisizm ənənələrinə də çox böyük rəğbəti var və çalışırlar onu təhrik etsinlər ki, o Taurus raketlərini Ukraniyaya versin. Bir partiyasını artıq veriblər, Rusiya xəbərdarlıq edib ki, versəniz, lazım gələrsə biz o raketləri Almaniya ərazisində istehsal edən müəssisələri vura bilərik və dağıda bilərik. Bu baş verərsə, onda həqiqətən də müharibə reallaşacaq. Hər halda indi Almaniyadan ilk partiya Ukraynaya göndərildi. Yeni silahları blok-blok yığıb göndərdilər ki,  Ukrayna ərazisində, öz hərbi bazalarında son həddə çatdırsınlar.  Amma Rusiyanın kəşfiyyatı bundan xəbər tutaraq həmin yerlərin hamısını raketlə darmadağın etdi.

Odur ki, mən belə düşünürəm ki, üçüncü tərəflər burada həqiqətən də həddən artıq fəal çalışırlar ki, Rusiyanı Qərblə, Avropa ilə üz-üzə qoysunlar, o cümlədən ABŞ- də bu işə qatınlar və sonra bulanıq suda öz “balıqlarını” tutsunlar. Amma bu çox təhlükəli bir gedişdir və hesab edirəm ki, bunun axırı yoxdur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər