media-inshot_20250919_231421417

Azərbaycanda mühüm sosial problem olan erkən nikahla yanaşı, qanunsuz olsa da, yaxın qohumlar arasında evlilik halları hələ də davam edir. 2025-ci ilin 1 iyul tarixindən etibarən ölkəmizdə əmi, xala, bibi və dayı uşaqlarının nikahı qadağan edilib.

Bu qərar Azərbaycan cəmiyyətinə daha sağlam uşaqlar dünyaya gətirmək üçün atılmış mühüm addımdır. Çünki yaxın qohum evliliklərindən doğulan uşaqların tam sağlam olma ehtimalı az olur. Bu qərara “sözdə” uyğunlaşmaq istəyənlər, hətta qohumluqdan belə imtinanı gözə alırlar. Belə ki, bəziləri öz yaxın qohumu ilə evlənmək üçün ya valideynlərindən imtina edir, ya da qanunsuz, qeyri-rəsmi yollarla evliliyə üz tutur.

Maraqlıdır ki, övladın valideynindən imtina etməsindən sonra qohumu ilə nikaha girməsi qanunlara nə dərəcə uyğundur?

Məsələ barəsində Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Aydan Rəhimlinin peşəkar təcrübəsinə üz tutduq.

Hüquqşünas bu barədə Patrulaz.az-a bildirib ki, qohumla evlənmək məqsədilə valideynin övlada olan hüquqlarının məhdudlaşdırılması və ya övladın valideynindən imtina etməsi tamamilə qanunsuz və qanuna zidd hərəkətdir:

media-screenshot_20250922_114527_instagram

“Azərbaycan Respublikasının qanunvericiliyində valideynin öz övladından imtina etməsi kimi bir hüquqi anlayış, müddəa yoxdur. Ailə Məcəlləsində nəzərdə tutulmuş hallarda valideynlik hüquqları məhdudlaşdırıla bilər. Bunun üçün də ciddi əsaslar olmalıdır. Yəni, valideynlik hüquqlarının məhdudlaşdırılması və yaxud da valideynlik hüquqlarından məhrumetmə Ailə Məcəlləsinə uyğun olaraq tənzimlənir. Buna xüsusi əsaslar olduğu təqdirdə və yalnız məhkəmə qaydasında mümkündür. Bir sözlə, qohum evliliyinə olan məhdudiyyətdən yayınmaq məqsədilə sadaladığım əməllərə üz tutmaq qanunsuzdur. Hər bir halda, bu məsələyə nəzarət mexanizmi inzibati orqan olan rayon qeydiyyat şöbələrində tətbiq edilir və bioloji qohumluq əlaqələri araşdırılır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər