Qulaqcıqdan istifadə BU TƏHLÜKƏLƏRƏ səbəb olur
Qulaqcıqlar həyatımızın ayrılmaz hissəsinə çevrilib – işdə, yolda, idmanda, hətta yatarkən belə qulağımızdadır. Amma bu rahatlığın arxasında gizli təhlükələr var.
Patrul.az-ın araşdırmasına görə, ən böyük risk eşitmə itkisidir. Uzun müddət yüksək səsdə musiqi dinləmək qulaqda yerləşən incə tüklü hüceyrələri zədələyir. Bu hüceyrələr bərpa olunmur və nəticədə eşitmə qabiliyyəti tədricən azalır.
Bundan başqa, qulaqcıqlar bakteriyaların çoxalması üçün əlverişli mühit yaradır. Gündə bir neçə saat qulaqda qalan cihazlar istilik və nəm səbəbindən infeksiya riskini artırır. Əgər qulaqcıqları başqası ilə paylaşırıqsa, bu risk daha da böyüyür.
Bir başqa təhlükə isə psixoloji asılılıqdır. İnsan səsdən ayrılmağa çətinlik çəkir, səssiz mühitdə narahat olur. Beyin fasiləsiz səsə öyrəşdiyindən diqqət və konsentrasiya da zəifləyir.
Qulaqcıqdan istifadə etməkdə problem yoxdur – problem, onu həddən artıq və səhv şəkildə istifadə etməkdədir. Səsi bir az azaldın, ara verin və qulaqlarınıza dincəlmək imkanı yaradın. Çünki bəzən səssizlik musiqidən dəyərlidir.
Ləman Sərraf






