Ramazan ayında toy etmək olar? - DİNİ BAXIŞ
Məlumdur ki, Ramazan ayı şadlıq evləri və restoranların fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Bəzi istirahət və əyləncə mərkəzlərində isə ad günləri, yubileylər və digər əyləncəli tədbirlər iftardan sonraya salınır. Bu da insanlar arasında daim müzakirə mövzusu olan bir sualı ortaya qoyur: Ramazan ayında toy etmək olarmı?
Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan Patrul.az-a açıqlamasında bildirib ki, Ramazan ayında bütün müsəlman ölkələrində müəyyən qədər toy və şadlıq məclisləri təxirə salınır:
“Çünki insanların əksəriyyəti oruclu olur. Və gündüz yemək – içmək doğru sayılmır. Adətən axşam saatlarında, iftardan sonra belə məclislər təşkil olunur. Ramazan ayında toy və şənlik məclisləri təşkil etmək günah deyil. Lakin gündüz vaxtı etmək uyğun sayılmır. Ramazan matəm ayı deyil. Əksinə rəhmət, mərhəmət və nikbinlik, ruhun sevinc ayıdır. Dinə görə haram sayılmayan icraatların tətbiq olunmadığı toy məclislərini iftardan sonra təşkil etmək əslində İslamın və Ramazanın ruhuna uyğundur”.

İlahiyyatçı qeyd edib ki, iftar saatında toy məclisi qurula bilər, oruc tutanlar iftarını açar və ikiqat sevinc, şadlıq ab-havası yaranar:
“Amma ölkəmizdə bu ənənə o qədər də formalaşmayıb. Çünki adətən toylarda içki verildiyi üçün Ramazan ayında toylar çox da sıx təşkil olunmur. Oruc tutan və oruc tutmayan adamlar var. Gündüz saatlarında toy və şənliklər təşkil edib oruclu adamları da ora dəvət etmək etik deyil və dinin də ruhuna ziddir”.
Ləman Sərraf






