media-inshot_20260219_161720829

Artıq Ramazan ayı daxil olub. Bəzən bütün gün ac qalıb, axşam iftar zamanı yediyimizə fikir vermirik. Lakin bu, daha da ağırlaşmağımıza, mədəmizin korlanmasına səbəb olur. 

Bəs Ramazan boyu imsaqda və iftarda necə qidalanmalıyıq?

Patrul.az mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyevin fikirlərini öyrənib.

Onun sözlərinə görə, Ramazan başlayanda bir çoxlarımız gün boyu ac qalırıq, axşam isə bədən indi haqqını istəyir kimi düşünürük:

“Belə olduqda tez, çox, qarışıq yeyirik. Nəticədə isə ağırlıq, köp, mədə yanması baş verir, yuxumuz gəlir. Burada məsələ iradə məsələsi deyil. Orqanizmin uzun fasilədən sonra birdən-birə yüklənməyə yaxşı reaksiya vermir.

Sahur tərəfi əslində günün necə keçəcəyini müəyyən edir. Sahurda məqsəd çox yemək deyil. Uzun müddət toxluq və stabil enerji təmin etməkdir. Bunun üçün ən işlək kombinasiyalar zülal, lif, bir az faydalı yağdır. Məsələn yumurta, pendir, yoqurt, kəsmik kimi zülal mənbələri, yanında tərəvəz, göyərti, tam taxıl çörəyi, yulaf kimi lifli qidalar yaxşı olar. Bir ovuc qoz-fındıq da toxluğa kömək edə bilər. Sahurda çox şirin yemək və ya ağ unlu, tez həzm olan qidalar bəzən səhər tez acmağa və günün ortasında enerjinin düşməsinə səbəb olur. Duzlu və çox ədviyyəli qidalar isə gün ərzində susuzluğu artıra bilər”.

media-inshot_20260219_161211345

Mütəxəssis qeyd edib ki, iftar zamanı əsas səhv yeməyə birdən hücum çəkməkdir:

“Ən düzgün və rahat olan əvvəl su içmək, istəyə görə 1-2 xurma, yüngül şorba ilə başlamaqdır. Sonra namaz qılırsınızsa, axşam namazını qılıb, qısa fasilədən sonra ana yeməyə başlamaqdır. Bu qısa fasilə çox şeyi dəyişir. Mədə oyanır, beyin toxluq siqnalını daha tez tutur və siz avtomatik olaraq daha az, daha rahat yeyirsiniz. Ardınca əsas yemək gəlir. Yaxşı olan ət, toyuq, balıq, paxlalılar kimi zülal mənbəyi, tərəvəz və kiçik porsiya bulqur, qarabaşaq kimi qidalardır.

Şirniyyata gəldikdə isə kiçik bir porsiya qəbul edə bilərik. Amma bir müddət ara verdikdən sonra bunu etsək həm şişkinlik, mədə ağırlığı olmaz. Alternativ olaraq meyvə və ya yoqurt kimi daha yüngül variantlar da faydalıdır”.

“Maye məsələsi də çox vacibdir. Susuzluğu iftarda bir dəfəyə çox su içməklə yatırmaq olmur. Daha rahat üsul suyu iftarla sahur arasında hissə-hissə içməkdir. Qazlı, çox şəkərli içkilər susuzluğu yatırmır. Çay və kofe isə ölçüsündə daha yaxşı olar.

Bəzən isə iftarda çox yedik, sahuru yeməyək deyə düşünə bilərik. Bu da düzgün seçim deyil. Sahuru yüngül də olsa yemək vacibdir. Xüsusilə uşaqlarda və aktiv işləyənlərdə gün ərzində dinc, güclü saxlayır”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər