media-file_0000000014ac722f9fd46d2934848af0

Son dövrlərdə Dövlət Yol Polisi adından vətəndaşlara cərimələrin ödənilməli olması ilə bağlı saxta mesajlar göndərilir. Bu mesajlarda sürücülərə guya müəyyən cərimələrin ödənilməli olduğu bildirilir. Mesajlarda rəsmi qurumun adının göstərilməsi isə vətəndaşlar arasında narahatlıq və çaşqınlıq yaradır. Belə hallar vətəndaşların kiberhücuma məruz qalmasına şərait yaradır.

Bu tip mesajların saxta olduğunu necə müəyyən etmək olar?

Bu kimi mesajların saxta olduğunu müəyyən etmək üçün Patrul.az-a kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasımov öz təcrübəsini bölüşüb.

Onun sözlərinə görə, rəsmi qurumların adından göndərilən məlumatlar mütləq rəsmi saytlar vasitəsilə yoxlanılmalıdır:

“Bu tip mesajlar adətən fişinq hücumlarının bir formasıdır və məqsəd istifadəçiləri saxta linklərə yönləndirərək onların bank kartı və şəxsi məlumatlarını ələ keçirməkdir.

Vətəndaşlara tövsiyəm odur ki, belə mesajlarda göndərilən linklərin domeninə diqqət etsinlər. Dövlət qurumlarının rəsmi saytları adətən .gov.az domeni ilə olur. Bundan başqa, mesajlarda tələsdirmə yaradan ifadələr və ya kart məlumatlarının tələb olunması ciddi şübhə doğurmalıdır.

Ən doğru yol cərimələri yalnız rəsmi dövlət portalları və tətbiqləri vasitəsilə yoxlamaq və şübhəli linklərə daxil olmamaqdır”.

media-inshot_20260417_144443062

Mütəxəssis bu kimi mesajlara aldanaraq kart nömrələrini təqdim edən vətəndaşlara da xəbərdarlıq edib:

“Bəzi hallarda vətəndaşlar saxta sayt üzərindən cəriməni ödədiklərini düşünərək kart məlumatlarını daxil edirlər və pul dərhal fırıldaqçıların hesabına yönləndirilir. Daha sonra həmin şəxslər vətəndaşı müxtəlif platformalarda bloklayaraq əlaqəni tam kəsirlər”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər