media-inshot_20260727_161923692

Bakının Nizami rayonunda restoranların birində baş verən mübahisə cinayət işi ilə nəticələnib.

Patrul.az Demokrat.az-a istinadən xəbər verir ki hadisə rayon ərazisində yerləşən restoranlardan birində qeydə alınıb. Bərdə rayon sakini, 1991-ci il təvəllüdlü Arzu (ad şərtidir) ofisiant işlədiyi “Ay İşığı” restoranının çay otağında həmin restoranda çayçı işləyən Nəcibə (ad şərtidir) ilə mübahisə edib.

Araşdırma zamanı məlum olub ki, mübahisə Nəcibənin müştəriyə çayı mürəbbəsiz təqdim etməsi səbəbindən yaranıb. Mübahisə zamanı Nəcibə Arzuya “Mənim quyumu qazırsan” deyərək onu şillələyib.

Bundan sonra Arzu qisas almaq niyyəti ilə Nəcibənin alnına əli ilə zərbə vurub, saçından dartaraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan müxtəlif bədən xəsarətləri yetirib.

Faktla bağlı Arzuya Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işinə Nizami Rayon Məhkəməsində baxılıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb və zərərçəkmiş ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Arzu cinayət məsuliyyətindən azad edilib, onun barəsində aparılan cinayət təqibinə xitam verilib.


Bənzər xəbərlər