""Sizə hədiyyə düşüb" mesajı bank hesabınızı boşalda bilər" - Mütəxəssisdən xəbərdarlıq
Son illər rəqəmsal fırıldaqçılıq üsulları getdikcə daha peşəkar xarakter alır. Xüsusilə “Təbrik edirik, mükafat qazandınız”, “Qalib sizsiniz!” və ya “Sizə hədiyyə düşüb” kimi mesajlar vasitəsilə istifadəçilərin şəxsi və bank məlumatlarını ələ keçirməyə çalışan kiberdələduzların sayı artır. İlk baxışdan cəlbedici görünən bu təkliflər əslində əvvəlcədən planlaşdırılmış dələduzluq sxeminin tərkib hissəsidir və bir çox hallarda maddi zərərlə nəticələnir. Bəs bu sxem necə işləyir, kiberdələduzlar vətəndaşların etibarını hansı üsullarla qazanırlar və bu tələyə düşməmək üçün nələrə diqqət yetirmək lazımdır?
İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Araz Mustafa Patrul.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanda mobil telefon və internet istifadəçilərinin qarşılaşdığı “mükafat qazandınız” tipli mesajlar əslində klassik kiberdələduzluq sxeminin bir hissəsidir:
“Son günlərdə Azərbaycanda mobil telefon və internet istifadəçilərinin qarşılaşdığı bu mesajlar ilk baxışdan zərərsiz görünsə də, arxasında klassik kiberdələduzluq sxemi dayanır.
Kiberdələduzlar naməlum nömrələrdən SMS, WhatsApp mesajı və ya digər sosial media platformaları vasitəsilə tanınmış bank, mobil operator, hətta bəzən dövlət qurumu adından istifadəçilərə müraciətlər göndərirlər. Onlar istifadəçiləri tələyə salmaq üçün mesajlarda qəsdən tələsiklik yaradırlar. Məsələn, “24 saat ərzində cavab verməsəniz, hədiyyə ləğv olunacaq” və ya “son 5 dəqiqə” kimi ifadələrdən istifadə edirlər. Bu, istifadəçilərin çox düşünməsinə imkan vermədən tələsik hərəkət etməsi üçün hesablanmış üsuldur”.

Mütəxəssisin sözlərinə görə, kiberdələduzlar qurbanların etibarını qazanmaq üçün rəsmi qurumların saytlarına bənzər saxta internet səhifələri hazırlayırlar:
“Kiberdələduzlar qurbanlarında şübhə yaratmamaq üçün onları rəsmi qurumların saytlarına demək olar ki, eyni dizaynda hazırlanmış saxta veb-səhifələrə yönləndirirlər. Linkə klikləyən istifadəçidən orada şəxsi məlumatlar — ad, telefon nömrəsi, hətta bank kartı məlumatları tələb olunur. Çox vaxt istifadəçilərin tələyə düşdüyü məqam məhz hədiyyənin “çatdırılma haqqı” və ya “vergi” adı altında kiçik məbləğdə ödəniş tələb olunan hissədir”.
Həmsöhbətimiz vurğulayıb ki, bank kartı məlumatlarının və birdəfəlik təsdiq kodlarının paylaşılması ciddi maliyyə itkilərinə səbəb ola bilər:
“Kart məlumatları və bir dəfəlik şifrələr daxil edildikdən sonra bank hesabı kiberdələduzların əlinə keçir və həmin hesabdan icazəsiz vəsait silinmələri baş verməyə başlayır. İstifadəçilər bəzən “kartımda vəsait yoxdur, daxil etsəm də bir şey olmaz” deyə düşünürlər. Lakin bunu bilmək vacibdir ki, bəzi hallarda hesabda pul olmadıqda belə, dələduzlar həmin şəxsin adından böyük məbləğdə istehlak krediti əldə edərək vəsaiti öz hesablarına köçürə bilərlər”.
Araz Mustafa vətəndaşlara kibertəhlükələrdən qorunmaq üçün diqqətli olmağı tövsiyə edib:
“Belə kibertəhlükələrdən qorunmaq üçün istifadəçilər yadda saxlamalıdır ki, heç bir qanuni kampaniya “hədiyyəni almaq üçün” əvvəlcədən pul, bank məlumatları və ya birdəfəlik şifrələri tələb etmir. Əlavə olaraq istifadəçilər linkə daxil olmazdan əvvəl ünvanı diqqətlə yoxlamalıdırlar.
Əgər artıq bank kartı məlumatlarınızı hansısa bilinməyən sistemlərə daxil etmisinizsə, ilk görəcəyiniz iş kartdakı vəsaiti digər bankdakı hesabınıza köçürmək, kartı bloklaşdırmaq və dərhal banka müraciət etməkdir.
Belə kibertəhlükələrdən qorunmaq üçün ailə üzvlərinizi də məlumatlandırsanız, bu cür təhlükələrə qarşı daha dayanıqlı olarsınız”.
Ləman Sərraf






