“Böyük Qayıdış artıq regionun iqtisadi inkişaf modelinə çevrilib” - Azər Badamov
İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış proqramının icrası və regionda formalaşdırılan yeni inkişaf modeli ölkənin əsas gündəm mövzularından biridir. Bəs bu proses hansı mərhələdədir, görülən işlər bölgənin gələcək sosial-iqtisadi inkişafına necə təsir göstərəcək və növbəti mərhələdə hansı hədəflər prioritet olacaq?
Patrul.az mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamovun fikirlərini öyrənib.Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi təkcə dağıdılmış yaşayış məntəqələrinin bərpası deyil, həm də müasir şəhərsalma və regional inkişaf modelinin formalaşdırılması baxımından Azərbaycanın ən mühüm strateji layihələrindən biridir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı postmünaqişə dövrünün ən genişmiqyaslı dövlət proqramlarından biri hesab olunur.
“Azərbaycan 30 il işğal altında qalmış torpaqlarını azad etdikdən dərhal sonra bərpa və quruculuq işlərinə başladı. İlk mərhələdə əsas prioritet minaların təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi idi. Çünki yaşayışın və iqtisadi fəaliyyətin bərpası məhz təhlükəsiz mühitin yaradılmasından asılı idi. Son illərdə on minlərlə hektar ərazi minalardan təmizlənib, bu istiqamətdə işlər isə hazırda da ardıcıl şəkildə davam etdirilir”.
Millət vəkili qeyd edib ki, dövlət işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulmasına böyük maliyyə resursları yönəldib:
“Bununla paralel olaraq, dövlət işğaldan azad edilmiş ərazilərdə müasir infrastrukturun qurulmasına böyük maliyyə resursları yönəldib. Son altı il ərzində dövlət büdcəsindən bu məqsədlə 17 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Bu gün artıq avtomobil yolları, tunellər, körpülər, elektrik və qaz xətləri, su təchizatı sistemləri, telekommunikasiya infrastrukturu və digər mühüm kommunikasiyaların böyük hissəsi istifadəyə verilib. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının tikintisi isə regionun iqtisadi və logistika potensialını əhəmiyyətli dərəcədə artıran mühüm layihələrdən biridir”.

Azər Badamov vurğulayıb ki, quruculuq siyasətinin əsas istiqamətlərindən biri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqidir:
“İlk dəfə Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu gün artıq Azərbaycanın postmünaqişə ərazilərində tətbiq olunan yeni yaşayış modelinə çevrilib. Burada rəqəmsal idarəetmə, alternativ enerji mənbələri, müasir kənd təsərrüfatı texnologiyaları, elektron xidmətlər və ekoloji dayanıqlılıq prinsipləri uğurla tətbiq olunur. Ağalı layihəsi sonradan digər yaşayış məntəqələrinin bərpası üçün nümunə rolunu oynayıb.
Hazırda Ağdam şəhəri tamamilə yeni baş plan əsasında “Ağıllı şəhər” konsepsiyasına uyğun şəkildə yenidən qurulur. Təxminən 100 min nəfərlik əhali üçün nəzərdə tutulan şəhərdə rəqəmsal idarəetmə sistemləri, yaşıl enerji həlləri, müasir nəqliyyat infrastrukturu və yüksək keyfiyyətli sosial xidmətlər nəzərdə tutulub. Eyni yanaşma Füzuli, Kəlbəcər, Cəbrayıl və digər şəhərlərin inkişaf planlarında da öz əksini tapır”.
Müsahibimizin sözlərinə görə, Şuşada və Xankəndidə həyata keçirilən layihələr regionun gələcək inkişafında xüsusi rol oynayır:
“Şuşada isə fərqli yanaşma tətbiq edilir. Burada əsas məqsəd tarixi-mədəni irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılmasıdır. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa tarixi simasını qorumaqla yanaşı, müasir turizm, mədəniyyət və xidmət mərkəzi kimi inkişaf etdirilir.
Xankəndidə aparılan yenidənqurma işləri də xüsusi əhəmiyyət kəsb edir. Qarabağ Universitetinin fəaliyyətə başlaması şəhərin elm və təhsil mərkəzi kimi inkişafına yeni impuls verib. Universitet gələcəkdə işğaldan azad olunmuş ərazilərin iqtisadi və sosial inkişafı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına mühüm töhfə verəcək. Paralel olaraq şəhərin infrastrukturunun yenilənməsi və sosial obyektlərin bərpası Xankəndinin Qarabağ iqtisadi rayonunun əsas inkişaf mərkəzlərindən birinə çevrilməsini sürətləndirir”.
Deputat, Böyük Qayıdış proqramının ən mühüm nəticələrindən birinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı olduğunu söyləyib:
“Artıq 40-dan çox yaşayış məntəqəsində həyat bərpa olunub və 90 mindən çox insan işğaldan azad edilmiş ərazilərdə yaşayır, işləyir və təhsil alır. Bu proses təkcə sosial layihə deyil, həm də regionun iqtisadi potensialının yenidən formalaşdırılmasına xidmət edən strateji inkişaf modelidir.
Hazırda icra olunan 2022–2026-cı illəri əhatə edən Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla başa çatmaq üzrədir. Gözlənilir ki, növbəti dövlət proqramında əsas diqqət artıq əsas infrastrukturun tamamlandığı ərazilərdə yaşayış məntəqələrinin tikintisinin sürətləndirilməsinə, iqtisadi fəallığın genişləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və əhalinin doğma yurdlarına qayıdış tempinin daha da artırılmasına yönəldiləcək”.
Həmsöhbətimiz sonda əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın gələcək inkişaf strategiyasının əsas sütunlarından biridir:
“Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma prosesi regionun əvvəlki vəziyyətinin bərpası ilə məhdudlaşmır. Burada dünyanın ən müasir şəhərsalma standartlarına cavab verən yeni yaşayış məkanı formalaşdırılır. Rəqəmsallaşma, yaşıl enerji, dayanıqlı inkişaf və ağıllı idarəetmə prinsiplərinin tətbiqi göstərir ki, Azərbaycan postmünaqişə dövründə yalnız dağıntıları aradan qaldırmır, eyni zamanda regionun gələcək onilliklər üçün inkişaf modelini qurur. Bu baxımdan Böyük Qayıdış proqramı təkcə keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını deyil, həm də Qarabağın Azərbaycanın iqtisadi inkişafının yeni lokomotivlərindən birinə çevrilməsini təmin edən strateji dövlət siyasəti kimi qiymətləndirilməlidir”.
Ləman Sərraf






