Göygöldə avtomobillərin qəzaya düşdüyü, bir hissəsi çökmüş körpü ilə bağlı araşdırma başladı
Göygöldə iki rayonu (Çaykənd və Sarısu) birləşdirən körpünün qəzalı vəziyyəti barədə araşdırmalara başlanılıb.
Bu barədə Patrul.az-ın sorğusuna Göygöl Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “24 №-li Yol İstismarı” MMC-sinin balansında olan, strateji əhəmiyyətə malik beş yaşayış məntəqəsini və ümumilikdə 5 min nəfər əhalini rayon mərkəzi ilə birləşdirən Yeni Zod–Çaykənd–Qarabulaq–Quşçu–Sarısu avtomobil yolunun 4-cü kilometrliyində yerləşən, 1960-cı illərdə inşa olunmuş körpünün texniki vəziyyəti ilə bağlı yerində baxış keçirilmişdir. Aparılmış qiymətləndirmə zamanı körpüdə ciddi aşınma və zədələnmələr aşkar olunmuşdur:
“Mövcud vəziyyətin nəqliyyatın təhlükəsiz hərəkəti üçün risk yaratdığı müəyyən edildiyindən, Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə və sədr müavininə, eyni zamanda Nazirlər Kabinetinə və Fövqəladə Hallar Nazirliyinə məktub ünvanlanmışdır. Məsələ nəzarətə götürülüb”, – deyə məlumatda əlavə edilib.
Gülbəniz Səfərova






