"Rusiya ilə NATO arasında açıq müharibə təhlükəsi varmı? - Ekspert AÇIQLADI
NATO ilə Rusiya arasında gərginlik son dövrlər daha da artıb. Xüsusilə Polşa və Estoniya kimi sərhəd ölkələri Moskvanın təhdidlərindən narahatdır və əlavə təhlükəsizlik tədbirləri görürlər. Rusiyanın səfirinin “NATO təyyarəmizi vursa, bu, müharibə deməkdir” açıqlaması isə vəziyyəti daha da qızışdırır.
Bəs, doğrudanmı Rusiya ilə NATO arasında açıq müharibə başlaya bilər?
Bu barədə siyasi ekspert Məhəmməd Əsədullazadə Patrulaz.az-a açıqlamasında bildirib ki, Rusiyanın NATO ölkələrinə təzyiq göstərməsinin əsas səbəbi Ukraynanın Krımdakı rus hərbiçlərinə qarşı hücumlarını azaltmasını istəməsidir:

“Rusiya–Ukrayna müharibəsi fonunda biz görürük ki, Rusiya NATO-nun hava məkanını pozur, xüsusilə Polşanın, Rumıniyanın, həmçinin Estoniyanın hava məkanı da buraya daxildir. Bu, bir növ Qərb ölkələrinə ciddi təzyiqdir. Çünki Ukrayna Krımda hərbi əməliyyatlar keçirir, orada Rusiyanın qüvvələri yerləşir və bununla da təbii ki, Qərbin dəstəyini qazanır. Bir növ Rusiya tərəfi də Qərbə təzyiq edir ki, Ukrayna Krımı vurmasın. Amma Rusiyanın NATO-nun hava məkanını pozması fonunda NATO ölkələri hələlik müəyyən qədər səbr nümayiş etdirir”.
M.Əsədullazadə bildirib ki, əgər Rusiya yenidən hava məkanını pozarsa, o cümlədən NATO buna cavab olaraq onun təyyarəsini vursa, Kreml hökuməti qarşılıq verə bilməyəcək. Politoloqun sözlərinə görə, buna səbəb Ukrayna ilə müharibədə itkilər verən Rusiyanın yeni cəbhə açmasına imkanı olmamasıdır:
“Mütəmadi pozuntular arasında ABŞ prezidenti də “vurun” deyə açıqlama verib. Düşünürəm ki, əgər Rusiya təyyarəsi vurularsa, Kreml buna kəskin cavab verə bilməyəcək. Sadəcə olaraq, toqquşmadan sonra Rusiya tərəfi izləmə mövqeyinə çəkiləcək və NATO-nun hava məkanını pozmayacaq. Çünki Ukraynada qalib gələ bilməyən Rusiyanın özünə eyni vaxtda yeni cəbhə açması mümkün görünmür”.
Cəmilə Cəfərzadə






