media-inshot_20251225_115526061

“Rusiyanın Azərbaycan təyyarəsini vurmasından sonra hesab edirəm ki, bölgədə böyük bir geosiyasi dəyişiklik yarandı. Çünki Rusiya Azərbaycan təyyarəsini vurmaqla, bəlkə də düşünürdü ki, imperiya ənənələrinə söykənərək, qonşulara, xüsusilə də Azərbaycana yuxarıdan aşağı baxaraq, dikdə edən tərzdə danışa biləcək. Ancaq fakt ondan ibarətdir ki, təyyarə vurulduqdan sonra Azərbaycan öz milli maraqlarını qoruyaraq Rusiyanın bu hərəkətinə kəskin etiraz etdi, üzr istənilməsini, kompensasiya ödənilməsini və səhvin etiraf olunmasını tələb etdi”.

Bu fikirləri Patrul.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev səsləndirib.

Onun sözlərinə görə, sanki rəsmi Moskva bu cür qətiyyətli reaksiyanı gözləmirmiş kimi, Azərbaycanla münasibətlərdə kifayət qədər konstruktiv davranmadı:

“Rusiya burada iki böyük səhvə yol verdi. Birinci səhv ondan ibarətdir ki, Rusiya Azərbaycanla münasibətlərdə daha həssas, diqqətli olmalı idi. Təyyarənin vurulmasından dərhal sonra üzr istəməli, məsuliyyəti öz üzərinə götürməli və məsələni diplomatik şəkildə həll etməli idi. Ancaq bu addımlar atılmadı. Əvəzində, texniki detallara istinad edilərək məsuliyyətin üzərindən atılması cəhdləri, Azərbaycanın haqlı tələblərinə dərhal cavab verilməməsi göstərdi ki, Rusiya bu məsələdə doğru diplomatik mövqe nümayiş etdirmədi”.

media-img-20251225-wa0036

Millət vəkili bildirib ki, ikinci və daha ciddi səhv isə Rusiya tərəfindən sərgilənən təkəbbürlü yanaşmadır:

“Xüsusilə də Ukrayna müharibəsi fonunda, NATO və Avropa İttifaqı ilə açıq qarşıdurma şəraitində olan Rusiya üçün bu cür davranış qəbuledilməz idi. Belə bir kritik dövrdə Rusiya ilə normal münasibət saxlayan ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərin qorunub saxlanması Rusiyanın öz maraqları baxımından daha məntiqli olardı. Amma görünür, bu məntiqlə Kreml hərəkət etmədi.

Ümumiyyətlə, yaxın tarixə nəzər salsaq, Rusiyanın Azərbaycana qarşı atdığı bu tip addımlar həmişə ciddi geosiyasi dəyişikliklərə səbəb olmuşdur. Məsələn, 1990-cı ilin 20 Yanvar hadisələri – Rusiya tanklarının Bakıya daxil olaraq qanlı qırğın törətməsi SSRİ-nin dağılmasına gedən yolda mühüm bir mərhələ oldu. 1992-ci ildə Xocalı soyqırımında Rusiyanın 366-cı alayının ermənilərlə birlikdə törətdiyi vəhşiliklər, nəticədə Ermənistan ordusunun darmadağın edilməsi, Azərbaycanın Qarabağda qələbə qazanması və Rusiya sülhməramlılarının bölgədən çıxarılması ilə yekunlaşdı”.

“Bütün bunları nəzərə alaraq, tarix göstərir ki, Azərbaycanla münasibətlərdə ehtiyatlı davranmaq, ona hörmətlə yanaşmaq lazımdır. Təəssüf ki, Kremlin siyasətini yürüdən şəxslərin təkəbbürlü yanaşması, müdrik qərarlar verməmələri, Azərbaycana qarşı münasibətlərdə düzgün siyasət yürütmədiklərini göstərir.

Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı aparılan qeyri-obyektiv və təkəbbürlü siyasət heç vaxt uğur gətirməyib. Azərbaycanla yalnız dostluq və qarşılıqlı maraqlara əsaslanan praqmatik münasibətlər mümkündür. Bu yanaşma həm bölgənin, həm də tərəflərin sabitliyi və rifahı üçün yeganə düzgün yoldur”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər