Rusiyada 48 nəfəri daşıyan sərnişin təyyarəsi yoxa çıxıb
Rusiyanın Amur vilayətində göyərtəsində ümumilikdə 48 nəfərin olduğu “An-24” tipli sərnişin təyyarəsi ilə əlaqə kəsilib.
Patrulaz.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hava gəmisində 42 sərnişin (onlardan 5-i uşaq) və 6 ekipaj üzvü olub.
Təyyarə iyulun 24-də yerli vaxtla saat 07:36-da Xabarovskdan havaya qalxıb və 08:22-də Blagoveşensk şəhərində texniki eniş edib. Plan üzrə bir saat sonra Tındaya uçmalı olan təyyarə iki saatlıq gecikmədən sonra saat 11:20-də Blagoveşenskdən havaya qalxıb. Ancaq Tında şəhərindən cəmi 15 kilometr məsafədə yerləşən nəzarət nöqtəsində təyyarə radarlardan itib və onunla rabitə qurmaq mümkün olmayıb.
Hazırda bölgədə hava şəraiti əlverişsizdir, güclü buludluq və yağış müşahidə olunur.
Son məlumata görə, təyyarənin qəza enişi etmiş ola biləcəyi ehtimal edilir. Belə ki, göyərtədə qəza halında avtomatik işə düşən xilasetmə avadanlıqları aktivləşməyib. Bu isə hava gəmisinin sərt toqquşma yaşamadan yerə enməyə cəhd göstərdiyini göstərir.
Hazırda An-24-ün tapılması üçün axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisə ilə bağlı araşdırmalara Şərqi Sibir Nəqliyyat Prokurorluğu tərəfindən başlanılıb. Təyyarənin yeri və göyərtədə olanların vəziyyəti ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Gülbəniz Səfərova






