Rusiyada keçirilən azərbaycanlıların məhkəmə prosesi ilə bağlı TƏFƏRRÜATLAR
İyunun 29-da Rusiyanın Yekaterinburq şəhərində xüsusi əməliyyatla saxlanılan azərbaycanlılarla bağlı ilk məhkəmə prosesi keçirilib. Leninski Rayon Məhkəməsində baş tutan iclasda bir neçə nəfər barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərar verilib.
Patrulaz.az APA-nın Rusiya bürosuna istinadən verdiyi məlumata görə, məhkəmə artıq Məzahir Möhbalı oğlu Səfərovun 22 gün müddətinə istintaq təcridxanasında saxlanılmasına qərar verib. Proses zamanı onun vəkili ev dustaqlığı tələb etsə də, ittiham tərəfinin təqdim etdiyi vəsatət təmin olunub.
Məhkəmə iclasında Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayev və Azərbaycan diasporunun şəhər üzrə sədri Şahin Şıxlinski də iştirak ediblər.
İttiham tərəfi prosesin qapalı keçirilməsini tələb edib və məhkəmə bu tələbi təmin edərək jurnalistləri zaldan uzaqlaşdırıb. Məzahir Səfərov ifadəsinin zorla alındığını, ailəsinin isə hədələndiyini bildirib.
Eyni cinayət işi üzrə saxlanılan digər şəxslər – Akif Möhbalı oğlu, Ayaz Möhbalı oğlu, Bakir Mehdi oğlu Səfərov və digərləri barəsində də məhkəmə baxışları davam edir. Kamal Səfərovun vəziyyəti ağır olduğundan o, reanimasiyadadır. Əhliman Gənciyev isə əməliyyatdan sonra məhkəməyə çıxarılıb. Əziz Abasov hazırda 36 saylı xəstəxanada müalicə olunur.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı əslən Ağdamdan olan Səfərovlar ailəsinin bir neçə üzvü saxlanılıb. Səfərov qardaşları – Ziyəddin və Hüseyn əməliyyat zamanı həyatlarını itiriblər. Bir neçə nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsinin yaydığı məlumata əsasən, saxlanılan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda baş vermiş qətl və adam öldürməyə cəhd hadisələrində şübhəli bilinirlər.