media-inshot_20251225_210836460

“AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiyanın birbaşa səsləndirdiyi, yaxud da ona yaxın qüvvələrin irəli sürdüyü səbəblərin heç biri özünü doğrultmadı. Rusiyanın qəzayla bağlı ilkin açıqlamasına görə, guya Ukrayna dronlarına qarşı aparılan mübarizə nəticəsində belə bir faciə baş verib. Lakin sonradan ‘Ukrayna dronları’ versiyası da təsdiqini tapmadı”.

Bu sözləri Patrul.az-a açıqlamasında politoloq Aydın Quliyev AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü münasibətilə deyib.

A.Quliyev 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında 38 nəfərin həlak olduğu AZAL qəzası ilə bağlı Rusiyanın üzr istəməsinin gecikməsinin səbəblərini açıqlayıb. Onun fikrincə, Rusiya təyyarənin hansı səbəbdən qəzaya uğradığını bildiyi üçün bunu gizlətmək məqsədilə uzun müddət səssiz qalıb. Daha sonra isə həqiqətlər üzə çıxdıqdan sonra gecikmiş üzr istəyib:

“Eyni zamanda, təyyarənin guya quş sürüsü ilə toqquşması və ya göyərtədə oksigen balonunun partlaması ilə bağlı versiyalar da səsləndirildi. Lakin Azərbaycanın prinsipial mövqeyi nəticəsində, gec də olsa, həqiqətlər qismən üzə çıxdı.

İki ay əvvəl Düşənbədə keçirilən Azərbaycan və Rusiya prezidentlərinin görüşündə Vladimir Putin tərəfindən iki raketin atılması və onların partlaması nəticəsində təyyarəmizin fəlakətə uğradığı açıq şəkildə etiraf edildi. Əlbəttə, Rusiyanın bu məsələ ilə bağlı Azərbaycandan üzr istəməsini gecikdirməsi ciddi narahatlıq doğurdu. Çünki faciə baş verdiyi andan etibarən Rusiya hökuməti onun səbəblərini yaxşı bilirdi. Əgər həmin vaxt üzr istəsəydilər, bu, Azərbaycan–Rusiya münasibətlərində yaranan gərginliyin qarşısını xeyli dərəcədə ala bilərdi.

Ortada analoji bir nümunə də var idi. Belə ki, 2020-ci ilin oktyabrında Rusiyanın Naxçıvan–Ermənistan sərhədi yaxınlığında uçan helikopteri səhvən vurulduqda Azərbaycan dərhal üzr istəmişdi. Rusiya da bu nümunəni əsas götürərək vaxtında üzr istəməli idi.

Rusiyanın üzrün gecikdirməsinin əsas səbəbi təyyarənin qəzaya uğramasının əsl səbəblərini gizlədə biləcəklərinə olan inamları idi. Onlar düşünürdülər ki, bu faktları ört-basdır etmək mümkün olacaq”.

media-inshot_20251225_210443011

Politoloq, həmçinin üzrdən sonra Rusiya hakimiyyətinin qəzayla bağlı verdiyi vədlərin hələ də tam yerinə yetirilmədiyini xatırladıb:

“Azərbaycan üçün bu məsələdə əsas tələb təkcə üzr deyil. Həlak olanların ailələrinə kompensasiyanın ödənilməsi, hadisəyə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması hələ də öz həllini gözləyən məsələlərdir”.

A.Quliyev bildirib ki, Rusiyanın irəli sürdüyü versiyaların doğru olmadığı Qazaxıstanın rəsmi hesabatlarında da sübuta yetirilib:

“Hətta Qazaxıstanın qəzadan sonra ilk aylarda yaydığı hesabatlarda belə Rusiyanın özünün irəli sürdüyü versiyalar təkzib olunurdu. Hesabatda təyyarənin yaxınlığında cəmi 24 saniyə ərzində partlayışın baş verməsi, ekipajın eniş üçün müraciəti, eləcə də Qroznuya enməkdən imtina edərək Bakıya qayıtmaq qərarı verildikdən 8–9 dəqiqə sonra Qroznu üzərində dispetçerin çox gecikmiş şəkildə ‘xüsusi əməliyyat’ elan etməsi kimi faktlar qeyd olunmuşdu. Bunlar son dərəcə düşündürücü məqamlardır.

Nəticə etibarilə, bu faktlar təyyarəmizə qarşı müəyyən mənada düşünülmüş bir zərbənin endirilmiş ola biləcəyini istisna etmir. Bu baxımdan, Rusiyanın atmalı olduğu konkret addımlar var. Azərbaycan həqiqətən bu səhifəni bağlamaq istəyir. Lakin Rusiya hakimiyyət dairələri ölkəmizlə münasibətləri tam normallaşdırmaq niyyətindədirsə, Azərbaycanın bu gün də aktuallığını qoruyan tələblərinin icrası istiqamətində real addımlar atmalıdır”.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 nömrəli Bakı–Qroznu reysini həyata keçirən “Embraer E190AR” tipli təyyarə Qazaxıstanın Aktau şəhərindən təxminən 3 kilometr aralıda qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtəsində olan 67 sərnişindən 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər