Sabunçuda sakinlərin etirazı: Tikinti aparmaq istəyən şəxsin Ramiz Mehdiyevin kürəkəni ilə şərik olduğu iddia edilir - VİDEO
Sabunçu rayonunda sakinlər yaşadıqları ərazidə hündürmərtəbəli bina tikmək istəyən şəxslərə etiraz edirlər.
Patrul.az-a müraciət edən Bakıxanov qəsəbəsi, Novruz Novruzov küçəsinin sakinlərinin sözlərinə görə, sözügedən ərazi onların avtomobil saxladığı, uşaqların oynadığı və xeyir-şər zamanı palatka qurduqları sahədir.
Sakinlərin iddiasına görə, “Darvaz Residence-1” həmin ərazidə hündürmərtəbəli bina inşa etmək niyyətindədir. Videodan da göründüyü kimi, tikilməsi planlaşdırılan bina yaxınlıqdakı evlərin cəmi bir neçə metrliyində olacaq və bu, sakinlərin təhlükəsizliyi üçün ciddi risk yaradır. Onların sözlərinə görə, tikinti başlasa, illərlə davam edə bilər, gecələr tikinti materialları əraziyə daşınır, avtomobillər saxlanılır və sakinlər növbə çəkərək ərazini qorumağa məcbur qalırlar.
Tikinti işlərini aparmaq istəyən şəxsin Namazov Faiq Hacımirzalı oğlu olduğu iddia edilir. Sakinlər bildirirlər ki, o, Bakı Dövlət Universitetində müəllim işləyir.
Başqa bir iddiaya görə, Namazov Faiq Hacımirzalı oğlu hazırda barəsində CM-nin 274-cü (dövlətə xəyanət), 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə cinayət işi açılmış Ramiz Mehdiyevin kürəkəni, eks-deputat və iş adamı İlham Əliyevin keçmiş şəriki olub.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Xezerxeber.az-a bildirib ki, ərazi xüsusi mülkiyyətdədir. Buna baxmayaraq, araşdırmalara başlanılıb və sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidməti isə qeyd edib ki, əraziyə dair çıxarış mövcuddur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bildirib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda araşdırma aparılır və nəticələrə uyğun olaraq aidiyyəti qurumlar müvafiq addımlar atacaq.
Xezerxeber.az ərazinin mülkiyyətçisi Süleyman Səmədoğlu ilə də əlaqə saxlayıb. O deyib ki, həmin ərazidə bina deyil, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.






