media-7e9608a1-3abc-4390-accf-44d404b90230

Lənkəran rayonunun Balıqçılar qəsəbəsində fəaliyyət göstərən 13 nömrəli marşrut xəttinin vəziyyəti ilə bağlı sakinlər redaksiyaya müraciət ediblər.

Patrul.az xəbər verir ki, onların sözlərinə görə, marşrut avtobusları texniki baxımdan yararsız vəziyyətdədir və xüsusilə soyuq, yağışlı havalarda sərnişinlər üçün ciddi narahatlıq yaradır.

Bildirilib ki, nəqliyyat vasitələrinin salonunda isitmə sistemi işləmir, qapı və pəncərələr tam bağlanmır. Nəticədə yağış və külək birbaşa avtobusun içinə daxil olur. Marşrutdan məktəblilər, yaşlı insanlar və gündəlik işə gedib-gələn vətəndaşlar istifadə etdiyindən mövcud şərait onların sağlamlığı və təhlükəsizliyi baxımından risk yaradır.

İddialara görə, xətti istismar edən sahibkar tərəfindən nəqliyyat vasitələrinin yenilənməsi və ya əsaslı təmiri istiqamətində addım atılmır. Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, marşrutun texniki vəziyyətinin yoxlanılmasını və sərnişinlərin təhlükəsiz daşınmasının təmin olunmasını tələb edirlər.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Günay Salayeva


Bənzər xəbərlər