media-photo-output

Binalarda MKİS-lər tərəfindən pul yığılması tez-tez sakinlər arasında narazılıq yaradır. Lakin bu yığımlar yalnız qanuni çərçivədə, yəni sakinlərin razılığı və müqavilə əsasında həyata keçirilərsə, düzgün hesab olunur.

Bəs MKİS-lərin topladığı vəsaitin qanuni olub-olmadığını sakinlər necə müəyyən edə bilər?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlama verib. Onun sözlərinə görə, 2018-ci ildən etibarən vətəndaşların özəlləşdirdiyi binalarda MKİS-lərin pul yığmaq hüququ ləğv edilib.

“JEK” kimi tanınan Mənzil-Kommunal İstismar Sahələri (MKİS) illərdir fəaliyyət göstərsə də, bu qurumların hüquqi statusu və topladıqları vəsait mübahisə doğurur. Sovet dövründə yaradılan bu sistemin əsas məqsədi dövlət mənzil fonduna aid binaların idarə olunması, təmiri və kommunal xidmətlərlə təmin edilməsi idi. O zaman mənzillər dövlət mülkiyyətində olduğundan, MKİS-lərin fəaliyyəti əsaslı və qanuni sayılırdı.

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla vətəndaşlara mənzillərini özəlləşdirmək imkanı verildi və həmin binaların mülkiyyətçilərinə çevrildilər. Beləliklə, MKİS-lərin bu binalar üzərindəki idarəetmə və yığım səlahiyyətləri aradan qalxdı. 2018-ci il 30 noyabr tarixində qanuna edilən dəyişikliklə bu proses rəsmiləşdirildi — vahid tarif əsasında xidmət haqqı yığımı ləğv edildi və MKİS-lərin vətəndaşlardan pul toplamaq hüququ qüvvədən düşdü.

Hazırda qüvvədə olan Mənzil Məcəlləsində MKİS anlayışı ümumiyyətlə yoxdur. Yəni qanunvericilik bu qurumların fəaliyyətini nəzərdə tutmur. Buna baxmayaraq, MKİS-lər bəzi şəhər və rayon icra hakimiyyətlərinin strukturunda fəaliyyətini davam etdirir və vətəndaşlardan “mənzil haqqı”, “zibil pulu” və digər adlar altında ödəniş tələb edirlər. Belə yığımlar heç bir hüquqi əsasa malik deyil və qanunsuz hesab olunur.

Vəkil bildirib ki, yalnız rəsmi xidmətlər üçün ödəniş qanunidir, digər yığımlar isə qanunsuzdur:

“Bəzi ödənişlər hələ də dövlət qərarları ilə tənzimlənir. Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına əsasən, tam kommunal təminatlı mənzillər üçün 1 kvadratmetr sahəyə ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin saxlanması üçün də eyni məbləğ müəyyən edilib. Həmçinin Tarif Şurasının 29 iyun 2024-cü il tarixli qərarına görə, bərk məişət tullantılarının yığılması və daşınmasına görə adambaşına ayda 1 manat ödəniş tətbiq olunur.

MKİS-lər yalnız bu xidmətləri faktiki şəkildə göstərirlərsə və ödəniş rəsmi qaydada sənədləşdirilibsə, bu halda yığım qanuni sayılır. Əgər göstərilən xidmət yoxdur, müqavilə bağlanmayıb və ya əlavə “fond”, “təmir pulu”, “sahə haqqı” kimi ödənişlər tələb edilirsə, bu artıq qanunsuz fəaliyyətdir.”

Onun sözlərinə görə, MKİS-lərin arayış və sənədlərin verilməsi üçün borcun ödənilməsini şərt kimi qoyması da qanunsuzdur. Çünki bu sənədlər artıq ASAN Xidmət və ya elektron hökumət portallarından pulsuz əldə edilə bilər.

Roman Qaraşov bildirib ki, MKİS-lərin fəaliyyəti hazırda hüquqi boşluqda davam edir və yalnız təsdiqlənmiş xidmətlər üçün ödəniş yığa bilərlər:

“Hazırkı vəziyyət göstərir ki, MKİS-lər qanunvericilikdə nəzərdə tutulmadığı halda inzibati sistemin tərkibində qalır və formal şəkildə fəaliyyət göstərirlər. Bu isə vətəndaşların narazılığına, həmçinin mənzil-kommunal idarəçiliyində nizamsızlığa səbəb olur.

Nəticə etibarilə, MKİS-lərin vətəndaşlardan pul yığması yalnız dövlət tərəfindən təsdiqlənmiş tariflər və faktiki göstərilən xidmətlər çərçivəsində mümkündür. 2018-ci ildən sonra vahid tarif əsasında ödəniş toplamaq hüququ aradan qaldırıldığı üçün bu çərçivədən kənar bütün yığımlar qanunsuz sayılır. MKİS-lərin hazırkı forması müasir qanunvericiliyə uyğun gəlmir və bu sahədə daha konkret qərarların qəbuluna ehtiyac var.”

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər