Saxta profil işlədənlərin nəzərinə: 2000 manat cərimə və ya həbs!
Son illərdə sosial şəbəkələrdə saxta (“fake”) hesabların sayının artması kiberdələduzluq, şəxsi məlumatların oğurlanması, böhtan və ictimai manipulyasiya kimi riskləri daha da aktuallaşdırıb. Bu səbəbdən bir çox ölkələrdə saxta hesablarla bağlı hüquqi tənzimləmələrin gücləndirilməsi müzakirə olunur.
Sosial şəbəkələrdə saxta hesabların yaradılması və istifadəsinin qadağan olunması ilə bağlı təşəbbüslər nə dərəcədə hüquqi cəhətdən əsaslıdır və belə halların qarşısının alınması üçün qanunvericilikdə hansı məsuliyyət tədbirləri nəzərdə tutula bilər?
Bu barədə hüquqşünas Babək Umudov Patrul.az-a açıqlamasında bildirib ki, saxta hesabların məhdudlaşdırılması hüquqi baxımdan əsaslı olsa da, tam qadağa ifadə azadlığı və icra çətinlikləri səbəbindən mübahisəlidir:
“Saxta hesabların qadağan edilməsi təşəbbüslərini hüquqi cəhətdən qismən əsaslı hesab edirəm, lakin tam qadağa adətən ifadə azadlığı, anonimlik hüququ və praktik icra problemləri ilə toqquşur. Hüquqi əsaslılıq konkret kontekstdən (məqsəd, zərər, ölkə qanunvericiliyi) asılıdır.
– Başqasının adından, fotosundan istifadə edərək saxta hesab yaratmaq və ya real şəxsin məlumatlarını oğurlamaq beynəlxalq səviyyədə (məs., ABŞ, Hindistan, Avropa) cinayət sayılır. Bu, şəxsi həyatın toxunulmazlığına, şəxsin reputasiyaya zərər verir.
– Saxta hesabların yaradılması özü-özlüyündə cinayət deyil, amma zərərli məqsədlə (təhqir, aldatma, cinayət) istifadəsi əsaslı şəkildə məhdudlaşdırıla bilər.
– Botlar, koordinasiyalı saxta hesablar seçkilərə təsir edə bilər, insanlar arasında nifrət yaya və ya saxta rəylər, follower satışı ilə aldatma yarada bilər.
– digər tərəfdən, tam identifikasiya (həqiqi ad, pasport) məxfiliyi pozur, insanlar bu tədbirləri VPN-lər və texnologiyalarla asanlıqla keçə bilərlər. Platformalar artıq öz qaydaları ilə saxta hesabları silir, lakin tam qadağanın icrası çətindir”.

B.Umudov qeyd edir ki, saxta hesablar və deepfake texnologiyaları ilə şəxsi məlumatların yayılması, böhtan və nüfuzun zədələnməsi halları Azərbaycan qanunvericiliyinə əsasən cinayət və mülki məsuliyyət yarada bilər:
“Saxta hesablarla fərdi məlumatların və şəxsi həyatın toxunulmazlığının pozulması halları, xüsusilə süni intellekt vasitəsilə foto və video manipulyasiyası, qanunvericilikdə cinayət və mülki məsuliyyət yarada bilər. Bu əməl şəxsi həyatın toxunulmazlığını pozur və şərəf, ləyaqət və ya işgüzar nüfuzun ləkələnməsi kimi qiymətləndirilə bilər. Əgər təhrif edilmiş materiallar yalan məlumatlar yayır, alçaldıcı xarakter daşıyır və ya şəxsi sirri açıqlayırsa, aşağıdakı maddələr tətbiq oluna bilər:
– Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə həyatının sirrinin pozulması): Şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır.
– Cinayət Məcəlləsinin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə): İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünasın sözlərinə görə, deepfake və saxta rəqəmsal materialların yayılması hüquqi və cinayət məsuliyyəti yarada bilər:
“Əlavə olaraq, “Kütləvi informasiya vasitələri haqqında” Qanun (Media haqqında Qanun) sosial mediada belə materialların yayılmasına görə təkzib, düzəliş və ya üzr tələb etmək hüququ verir. Zərərçəkmiş şəxs Mülki Məcəlləyə əsasən məhkəməyə müraciət edərək mənəvi zərərin (məsələn, stres, reputasiya itkisi) kompensasiyasını tələb edə bilər. Bu, cinayət məsuliyyəti ilə paralel gedir.
Bundan əlavə, “Kibercinayətkarlıq haqqında Konvensiya”ya əsasən, kompüter texnologiyalarından istifadə etməklə saxtalaşdırma, dələduzluq və digər hüquqazidd əməllər cinayət məsuliyyəti yaradır. Deepfake və oxşar texnologiyalarla foto və video manipulyasiyası bu kontekstdə də qiymətləndirilə bilər”.
Cəmilə Cəfərzadə






